The official web portal of the Azerbaijan State Marine Academy. The portal operates in accordance with the established requirements for state information resources.

Under ASCO
Academy

Himayəçilər Şurası

Akademiyanın strateji inkişaf məsələləri üzrə ictimai əsaslarla fəaliyyət göstərən idarəetmə orqanı: təhsilin və elmin inkişafına, maddi-texniki bazanın möhkəmləndirilməsinə və məzunların işlə təminatına dəstək olur.

  • Hüquqi əsasNizamnamə, 4.6 və 4.7
  • Tərkib5 nəfər, ASCO təsdiq edir
  • İclaslarildə iki dəfə
This page has not been translated into English yet

Himayəçilər Şurası Akademiyanın strateji inkişaf məsələləri üzrə idarəetmə orqanıdır və ictimai əsaslarla fəaliyyət göstərir (Nizamnamə, 4.6). Akademiyanın daxili sənədlərində «Himayədarlar Şurası» adı ilə də keçir.

Şura hüquqi şəxs deyil, üzvləri könüllü və əvəzsiz çalışır. Şura Akademiyanın rəhbərliyi ilə sıx işgüzar əlaqə saxlayır, lakin onun cari və inzibati işlərinə müdaxilə etmir: səlahiyyəti xaricindəki qərarları tövsiyə və məsləhət xarakteri daşıyır.

Nizamnaməyə görə səlahiyyətləri

  • Şuranın tərkibini 5 nəfər olmaqla «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (ASCO) təsdiq edir (4.6).
  • Akademiyanın tədris-metodiki işləri üçün Elmi-metodiki Şuranı yaradır və onun əsasnaməsini təsdiq edir (4.7).
  • Akademiyanın fəaliyyətinin müstəqil yoxlanılması üçün kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir (6.6).
  • Daxili audit bölməsinin fəaliyyətinə nəzarət edir, hesabatlarını alır, üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir (6.7).
  • Rektor Himayəçilər Şurası qarşısında Akademiyanın cari fəaliyyətinə dair hesabat verir (4.11.11).

Əsas məqsədləri

  • fasiləsiz təhsil sisteminin inkişafına, tələbələrin mənəvi tərbiyəsinə, işgüzar və peşəkar keyfiyyətlərinin formalaşmasına dəstək olmaq;
  • əmək bazarının inkişafını nəzərə alaraq mütəxəssis hazırlığının perspektiv istiqamətlərinin müəyyən edilməsinə və tədris proqramlarının dövlət orqanlarının və biznesin sorğularına uyğun yenilənməsinə kömək etmək;
  • elmi-tədqiqat və innovasiya fəaliyyətinə, elmi məktəblərin formalaşmasına, tədris və elmin inteqrasiyasına dəstək vermək;
  • məzun hazırlığının keyfiyyətini artıran proqramların həyata keçirilməsinə və maliyyələşdirilməsinə imkan yaratmaq;
  • tədris və elmi obyektlərin tikintisinə, avadanlıq və texniki vasitələrin alınmasına dəstək vermək;
  • beynəlxalq elmi-texniki və mədəni əməkdaşlığın genişlənməsinə kömək etmək;
  • tələbə təcrübəsinin təşkilinə və məzunların işlə təmin olunmasına dəstək vermək;
  • büdcədənkənar vəsaitin cəlb edilməsinə və xeyriyyə fəaliyyətinə, əməkdaşların sosial müdafiəsinə və tələbələrə maddi dəstəyə şərait yaratmaq.

Hüquqları

  • Akademiyanın və onun struktur bölmələrinin fəaliyyəti barədə məlumat almaq;
  • maliyyə-təsərrüfat fəaliyyəti, inkişaf plan və proqramlarının, Şura qərarlarının icrası barədə rektorun illik və növbədənkənar hesabatını dinləmək;
  • Akademiyanın inkişafına dair təkliflərlə dövlət orqanlarına müraciət etmək;
  • Akademiyanın konfranslarında, iclaslarında və digər tədbirlərində iştirak etmək, kütləvi informasiya vasitələrində çıxış etmək;
  • Şuranın sədri Akademiyanın işində aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyi xəbərdar edir və onların aradan qaldırılması üçün təkliflər verir.

Şuranın hüquqları təhsil sahəsində qüvvədə olan qanunvericiliyə zidd ola bilməz.

İşin təşkili

  • Şura öz planına uyğun olaraq ildə iki dəfə iclas keçirir; növbədənkənar iclası zərurət olduqda sədr çağırır.
  • Şuranın sədri iclasda seçilir və Akademiyanın kollektivindən ola bilməz. Zəruri hallarda sədrin təqdimatı ilə sədr müavini seçilir.
  • Şuranın katibini Akademiyanın rəhbərliyi təyin edir; katib Şuranın üzvü sayılmır.
  • Qərarlar iclasda iştirak edən üzvlərin açıq səsverməsi ilə qəbul olunur, səslər bərabər olduqda sədrlik edənin səsi həlledicidir. Qərarlar protokollaşdırılır, sədr və katib imzalayır.
  • Akademiya Şuranın təşkilati-texniki xidmətini həyata keçirir və iclasların materiallarını hazırlayır.

Vəsaitlər

Şuranın vəsaiti xeyriyyə və layihələrdən toplanan vəsait hesabına formalaşır. Maddi-texniki bazanın inkişafına yönəlmiş vəsait Akademiyanın hesabına keçirilir; Akademiya Şura üzvlərinə vəsaitin xərclənməsi barədə məlumat və illik hesabat təqdim edir.