The official web portal of the Azerbaijan State Marine Academy. The portal operates in accordance with the established requirements for state information resources.

Under ASCO
Research & Innovation

Akademik dürüstlük və antiplagiat

Dissertasiyalar, məqalələr, dərsliklər və monoqrafiyalar StrikePlagiarism antiplagiat sistemində yoxlanılır. Oxşarlıq həddi aşıldıqda iş müdafiəyə və ya çapa buraxılmır, müəllifə düzəliş üçün bir ay vaxt verilir.

  • SistemStrikePlagiarism
  • TəqdimMüdafiədən 1 ay əvvəl
  • İlk yoxlamaÖdənişsiz (tələbə və əməkdaşlar)
This page has not been translated into English yet

Elmi plagiat başqa müəlliflərin əsərlərindən müəllifinə və mənbəyinə istinad etmədən istifadə etməkdir. Akademiyada magistr, fəlsəfə doktoru və elmlər doktoru dissertasiyaları, monoqrafiyalar, məqalələr və tədris vəsaitləri (dərslik, dərs vəsaiti, metodiki göstəriş) «Antiplagiat sisteminin istifadə qaydaları» (ADDA-TL-010) üzrə yoxlanılır. Yoxlamanın nəticəsini əks etdirən plagiat arayışı elmi plagiatın müəyyən edilməsi üçün əsas sənəddir.

Oxşarlıq əmsalları

  • 1-ci əmsal: işdə 5 ardıcıl sözdən ibarət oxşar hissələrin işin ümumi həcmində payı. Qanun, ədəbiyyat və sənəd adlarından, standart ifadələrdən istifadəni məhdudlaşdırır.
  • 2-ci əmsal: 25 ardıcıl sözdən ibarət oxşar hissələrin payı. İstinad göstərilib-göstərilməməsindən asılı olmayaraq hesablanır və qismən dəyişdirilmiş hissələri də tutur.
  • 3-cü əmsal: dırnaq içində yazılmış bütün hissələrin (sitatların) payı.

Görünməz işarələr, hərf dəyişikliyi, mikroboşluqlar və parafraz kimi üsullarla plagiatı gizlətmək cəhdi manipulyasiya sayılır.

İcazə verilən hədlər

İş 1-ci əmsal 2-ci əmsal
Magistr dissertasiyası 50 faizədək 10 faizədək
Fəlsəfə və elmlər doktoru dissertasiyası 20 faizədək 5 faizədək
Dərslik, dərs vəsaiti, metodiki göstəriş, məqalə, monoqrafiya 50 faizədək 5 faizədək
  • Bütün işlərdə 3-cü əmsal 25 faizdən çox olmamalıdır.
  • İxtisas fənləri üzrə dərslik və vəsaitlərdə beynəlxalq konvensiyaların (STCW, MARPOL, SOLAS) və təsnifat cəmiyyətlərinin qaydaları təhrifsiz verildiyi üçün 2-ci əmsal 15 faizədək olduqda iş Komissiyanın qərarı ilə çapa tövsiyə edilə bilər.
  • Plagiat faktı olmasa da sitatlar işin 50 faizindən çoxdursa, işin orijinallığı aşağı sayılır və müdafiəyə buraxılmır.

Yoxlama necə aparılır

  1. İş müdafiədən 1 ay əvvəl kafedraya çap olunmuş və elektron (DOC, DOCX və ya redaktə olunan PDF) formada təqdim edilir; çap və elektron mətn eyni olmalıdır.
  2. Müəllif sistem administratoruna Plagiat Məsələləri üzrə Komissiyanın sədrinin adına ərizə, bəyannamə (ADDA-F-063), işin elektron versiyası və lazım olduqda ödəniş qəbzi təqdim edir.
  3. Yoxlama 5 iş günü ərzində aparılır. Administrator qısa hesabatı 3 nüsxədə çap edib müəllifə, elmi rəhbərə və Komissiyaya təqdim edir.
  4. Hədd aşılarsa, Komissiya səbəbləri və istinad edilən mənbələri araşdırır, rəyini ADDA-F-065 formasında rəsmiləşdirir. Müəllifə düzəliş üçün 1 ay vaxt verilir, sonra iş təkrar yoxlanılır.
  5. Üç dəfə düzəlişdən sonra hədd yenə aşılarsa, məqalə və tədris vəsaiti təkrar yoxlamaya qəbul edilmir. Plagiat aşkarlanan dissertasiya müdafiəyə buraxılmır, məqalə və vəsait çapa tövsiyə olunmur.

Müdafiəyə buraxılan elmi işlər və qriflə çap olunan tədris vəsaitləri sistemin məlumat bazasına daxil edilir.

Ödəniş

Akademiyanın tələbələri və əməkdaşları üçün eyni işin ilk yoxlaması ödənişsizdir, təkrar yoxlamalar ödənişlidir. Kənar şəxslər və təşkilatlar üçün yoxlama bütün hallarda ödənişlidir; tariflər qaydanın əlavəsində verilib.

Nəticədən narazılıq

  • Müəllif plagiat arayışının konkret müddəalarına əsaslandırılmış etirazla Plagiat Məsələləri üzrə Komissiyaya müraciət edə bilər. Komissiya müəllifin öz əvvəlki əsərlərinə aid hissələri plagiat saymaya bilər.
  • Komissiya qərarı açıq səsvermə ilə, sadə səs çoxluğu ilə qəbul edir və protokolla rəsmiləşdirir.
  • Komissiyanın qərarı ilə razı olmayan müəllif və ya elmi rəhbər qərar açıqlandıqdan sonra 3 iş günü ərzində rektora müraciət edə bilər; yekun qərarı rektor qəbul edir. Apellyasiya yalnız bir dəfə verilir.

Frequently Asked Questions