Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Kollec

Kollecin Nizamnaməsi

Kollecin Nizamnaməsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il 21 avqust tarixli əmri ilə təsdiq edilib və 18 sentyabr 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Rəsmi nüsxə PDF faylıdır, mətni aşağıdadır.

  • Təsdiq edibElm və Təhsil Nazirliyi, 21.08.2023
  • Dövlət qeydiyyatı18.09.2023
  • Hüquqi statusPublik hüquqi şəxs
  • Hüquqi ünvanBakı, Cavanşir küçəsi 3, keçid 823

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il 21 avqust tarixli əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən 2023-cü il 18 sentyabr tarixində dövlət qeydiyyatına alınmışdır.

1. Ümumi müddəalar

1.1. Kollec “Azərbaycan Dövlət Dəniz Akademiyasının və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin yenidən təşkil edilməsi, Azərbaycan Dövlət Dəniz Akademiyasının Nizamnaməsinin təsdiq olunması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 sentyabr tarixli 361 nömrəli Qərarına əsasən Azərbaycan Dövlət Dəniz Akademiyasının (bundan sonra – Akademiya) nəzdində Azərbaycan Dənizçilik Kollecinin publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.

1.2. Kollec ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dənizçilik sahəsində müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını, habelə əlavə təhsil proqramlarını həyata keçirən publik hüquqi şəxsdir.

1.3. Kollec öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, ASCO və ADDA-nın əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur.

1.4. Kollecin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində ASCO və ADDA-nın adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq blank və ştampları vardır.

1.5. Kollec “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Kollecin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

1.6. Kollec öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.7. Qanuna uyğun olaraq, Kollecin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Kollec məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Kollec “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.

1.9. Kollecdə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.10. Kollecin hüquqi ünvanı: Bakı şəhəri, Cavanşir küçəsi 3, Keçid 823.

2. Kollecin fəaliyyətinin istiqamətləri

2.1. Kollecin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • 2.1.1. orta ixtisas təhsili proqramlarının həyata keçirilməsi;
  • 2.1.2. ümumi orta təhsil bazasında Kollecə qəbul olunanlar üçün orta ixtisas təhsili proqramları ilə yanaşı, tam orta təhsil proqramının da həyata keçirilməsi;
  • 2.1.3. əlavə təhsil proqramlarının həyata keçirilməsi.

3. Kollecin vəzifələri və hüquqları

3.1. Kollecin Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Kollecin vəzifələri aşağıdakılardır:

  • 3.1.1. orta ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
  • 3.1.2. dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri biliyə və həyati bacarıqlara yiyələnməsini təmin etmək;
  • 3.1.3. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafı, təhsilalma tələblərini ödəmək;
  • 3.1.4. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək və onun monitorinqini həyata keçirmək;
  • 3.1.5. təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;
  • 3.1.6. ayrı-ayrı fəaliyyət sahələri üçün orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasını həyata keçirmək;
  • 3.1.7. profilinə uyğun olaraq, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparmaq və elmi-metodiki sənədlər hazırlamaq;
  • 3.1.8. sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilini təşkil etmək;
  • 3.1.9. Kollecin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
  • 3.1.10. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmaq;
  • 3.1.11. Kollecin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
  • 3.1.12. “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulmaq;
  • 3.1.13. Kollecin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
  • 3.1.14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil haqqında dövlət sənədi, habelə müvafiq arayış vermək;
  • 3.1.15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iaşə xidmətini, tibbi və psixoloji xidməti təşkil etmək və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, psixoloji yardım həyata keçirmək;
  • 3.1.16. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görmək;
  • 3.1.17. hər bir təhsilalanın, valideynin və ya digər qanuni nümayəndənin Kollecin Nizamnaməsi, dövlət akkreditasiyası haqqında sənədlə tanış olmasına şərait yaratmaq;
  • 3.1.18. təhsilalanların sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək;
  • 3.1.19. Kollecin ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
  • 3.1.20. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
  • 3.1.21. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
  • 3.1.22. Kollecin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
  • 3.1.23. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı inzibati xəta və cinayət əlamətləri aşkar etdikdə, aidiyyəti üzrə məlumat vermək;
  • 3.1.24. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, rəsmi internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
  • 3.1.25. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə Kollecin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Kollecin aşağıdakı hüquqları vardır:

  • 3.2.1. ixtisaslara uyğun dərslik, dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq və nəşr etmək;
  • 3.2.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq vətəndaşların əlavə təhsil almasını təşkil etmək;
  • 3.2.3. xarici dövlətlərin orta ixtisas təhsili müəssisələri ilə bağlanılmış ikitərəfli və çoxtərəfli müqavilələrə uyğun olaraq, beynəlxalq təhsil proqramları həyata keçirmək;
  • 3.2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və öz Nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikasının və xarici dövlətlərin ərazisində filiallar (Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla), idarə və nümayəndəliklər açmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək, habelə təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də bu kimi təşkilatlara üzv olmaq;
  • 3.2.5. “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanılması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin orta ixtisas təhsili müəssisələri, təşkilatları ilə, beynəlxalq qurumlarla və fondlarla əlaqələr yaratmaq, əməkdaşlıq haqqında müqavilələr bağlamaq və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirmək;
  • 3.2.6. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
  • 3.2.7. təhsilalanlar və əməkdaşlar üçün idman, sağlamlıq və məişət xidmətləri təşkil etmək və göstərmək;
  • 3.2.8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
  • 3.2.9. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
  • 3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
  • 3.2.11. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
  • 3.2.12. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
  • 3.2.13. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
  • 3.2.14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn, habelə Kollecin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

3.3. Kollecdə təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

3.4. Orta ixtisas təhsili proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi tələbləri Azərbaycan Respublikasının Nazirlər Kabineti orta ixtisas təhsili pilləsi üzrə təsdiq edilən dövlət təhsil standartı ilə müəyyənləşdirir.

3.5. Kollecdə tədris orta ixtisas təhsili pilləsi üzrə təhsilin məzmununu və mənimsənilməsi qaydalarını müəyyən edən və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilən təhsil proqramları ilə həyata keçirilir.

3.6. Kollecdə təlim-tərbiyə prosesinin təşkili ilə bağlı digər məsələlər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin həmin Qanundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçirilir.

4. Kollecin idarə olunması

4.1. Kollec aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsas tutulmaqla, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunlarına və öz Nizamnaməsinə uyğun olaraq idarə edilir.

4.2. Kollecin təsisçisinin səlahiyyətləri aşağıdakılardır:

  • 4.2.1. Kollecin Nizamnaməsinin təsdiq olunması və Nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;
  • 4.2.2. idarəetmə orqanlarının yaradılması;
  • 4.2.3. idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;
  • 4.2.4. inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiqi;
  • 4.2.5. Kollecin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi;
  • 4.2.6. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
  • 4.2.7. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), habelə publik hüquqi şəxsə aidiyyəti olan şəxslərlə əqdin (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlanılmasına razılıq verilməsi;
  • 4.2.8. Nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Kollecin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;
  • 4.2.9. Kollecin yenidən təşkili və ləğv edilməsi.

4.3. Kollecin Nizamnaməsini Elm və Təhsil Nazirliyi təsdiq edir.

4.4. Kollecin Nizamnaməsində dəyişikliklər həmin Kollecin Pedaqoji Şurasında müzakirə edilir və bu Nizamnamənin 4.3-cü bəndi ilə müəyyən olunmuş qaydada təsdiq olunması üçün aidiyyəti üzrə təqdim edilir.

4.5. Kollecə münasibətdə təsisçinin səlahiyyətlərini (bu Nizamnamənin 4.2.1-ci, 4.2.2-ci və 4.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər istisna olmaqla) ASCO həyata keçirir.

4.6. Kollecin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq əsasnamə və Kollecin Nizamnaməsi ilə müəyyən olunur.

4.7. Kollecin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədilə idarə və özünüidarə orqanları (himayəçilər, qəyyumlar, valideynlər və s. şuralar) yaradıla bilər.

4.8. Kollecin cari fəaliyyətinə direktor rəhbərlik edir. Kollecin direktorunu ASCO vəzifəyə təyin edir və ya vəzifədən azad edir. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində Kollecə dəymiş zərərin əvəzini ödəməlidir.

4.9. Direktorun fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə və Kollecin Nizamnaməsi ilə müəyyən edilir.

4.10. Direktor:

  • 4.10.1. Kollecin cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;
  • 4.10.2. Kolleci dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, beynəlxalq qurumlarla və digər hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir;
  • 4.10.3. Kollecin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
  • 4.10.4. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün ASCO-ya təkliflər verir və sənədlər (o cümlədən, Kollecin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim edir;
  • 4.10.5. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində ştat cədvəlini ASCO ilə razılaşdırmaqla, həmçinin daxili intizam qaydalarını və işçilərin vəzifə təlimatlarını təsdiq edir;
  • 4.10.6. Kollecin işçilərinin (direktor müavini istisna olmaqla), o cümlədən ASCO ilə razılaşdırmaqla, onun idarə, filial, nümayəndəlik və tabeliyindəki digər qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (Nizamnamənin 6.7-ci bəndi nəzərə alınmaqla), habelə Kollecin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir;
  • 4.10.7. Kollecin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
  • 4.10.8. Pedaqoji Şuranın qərarlarını təsdiq edir, onun və digər idarəetmə orqanlarının qərarlarını həyata keçirir;
  • 4.10.9. özünün və Kollecin digər vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
  • 4.10.10. Pedaqoji Şura qarşısında tədris məsələlərinə dair, ASCO qarşısında Kollecin cari fəaliyyətinə dair hesabatlar verir;
  • 4.10.11. ASCO tərəfindən təsdiq olunan əməyin ödənişi fondu çərçivəsində Kollecin işçilərinə vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini təşkil edir;
  • 4.10.12. Kollecin əmlakından bu Nizamnamə ilə müəyyən edilmiş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir, həmçinin bu Nizamnamənin 3.1.19-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
  • 4.10.13. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Kollecin adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən, ASCO-nun razılığı ilə Kollecin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqd (xüsusi əhəmiyyətli əqd) və aidiyyəti şəxslə dəyəri Kollecin aktivlərinin 5 faizini və daha çox, həmçinin 5 faizədək hissəsini təşkil edən əqd) bağlayır və onların yerinə yetirilməsini təmin edir;
  • 4.10.14. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı komissiyalar və işçi qruplar yaradır;
  • 4.10.15. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
  • 4.10.16. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
  • 4.10.17. müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
  • 4.10.18. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görür;
  • 4.10.19. Kollecin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir;
  • 4.10.20. Kollecin fəaliyyəti ilə bağlı ASCO-nun qanunvericiliyə uyğun daxili sənədlərinin tələblərinə əməl olunmasını təmin edir.

4.11. Kollecin 1 (bir) direktor müavini vardır. Direktor müavinini Kollecin təqdimatı əsasında ASCO təyin edir. Direktor olmadıqda Kollecin fəaliyyətinə rəhbərliyi direktor müavini həyata keçirir.

4.12. Kollecdə pedaqoji, mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrin tutulması təyinolunma yolu ilə həyata keçirilir və Kollec direktorunun əmri ilə (direktor müavininin təyin edilməsi istisna olmaqla) rəsmiləşdirilir.

4.13. Təhsilalanların, təhsilverənlərin, Kollecin pedaqoji, mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Kollecin Nizamnaməsi və daxili intizam qaydaları ilə, eləcə də Kollec ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan əmək müqavilələri ilə tənzimlənir.

5. Kollecin Nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Kollecin Nizamnamə fondu 113 442.01 (yüz on üç min dörd yüz qırx iki manat bir qəpik) manatdır.

5.2. Kollecin əmlakı Nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşdırılır.

5.3. Kollecin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamında dəyişikliklər edilməsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2016-cı il 9 mart tarixli 827 nömrəli fərmanları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

5.4. Kollec ona verilmiş əmlakdan yalnız Nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Kollecin əmlakından təhsildənkənar məqsədlər üçün istifadə qadağandır.

5.5. Bu Nizamnamənin 5.3-cü bəndi nəzərə alınmaqla, Kollec əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə ASCO ilə razılaşdırmaqla və onun müəyyən etdiyi qaydada həyata keçirir.

5.6. Kollec mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Kollecin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti ASCO, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

5.7. Kollecin maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır.

5.8. Kollec “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak Kollecə büdcədən ayrılan vəsaitin məbləğinə təsir göstərmir.

5.9. Kollec Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun maliyyələşdirilir.

5.10. Kollec bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

5.11. Kollec “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün Kollec ASCO-nun razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

5.12. Kollecin bu Nizamnamənin 5.2-ci bəndində göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

5.13. Kollecin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin və maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

5.14. Kollec fəaliyyətindən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nizamnamənin 5.13-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.

5.15. Kollecdə dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Kollecin ödənişli təhsil xidmətlərinin və bu Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsullarının (mallarının, işlərinin, xidmətlərinin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir.

6. Kollecin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

6.1. Kollecin fəaliyyətinə nəzarəti ASCO, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada müəssisənin idarəetmə orqanları həyata keçirirlər.

6.2. ASCO Kollecdə plan üzrə və ya plandankənar yoxlamalar həyata keçirə bilər.

6.3. Kollecin fəaliyyətinə dair illik hesabat ASCO-ya təqdim edilir.

6.4. Kollecin fəaliyyətinə nəzarətin digər formaları Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunları ilə müəyyən edilir.

6.5. Kollec idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.6. Kollecin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün ASCO kənar auditor təyin edir və onun audit hesabatını qəbul edir.

6.7. Kollecdə daxili audit bölməsi yaradıldığı halda, ASCO həmin bölmənin fəaliyyətinə nəzarət edir və fəaliyyətinə dair hesabatlar alır, habelə onun üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə qərar qəbul edir.

7. Kollecdə uçot və hesabat

7.1. Kollec “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

7.2. Kollec “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.

8. Kollecin yenidən təşkili və ləğv edilməsi

8.1. Kollecin yenidən təşkilini və ləğv edilməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.