Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Təhsil

Qiymətləndirmə və imtahan qaydaları

Semestr imtahanları Elektron Akademiya platforması üzərindən yazılı, test və yazılı-şifahi qaydada keçirilir. Nəticə imtahan günü elan olunur, narazı tələbə həmin gün apellyasiya komissiyasına müraciət edə bilər.

  • Gəlmə vaxtıİmtahandan 15 dəqiqə əvvəl
  • Test imtahanı60 dəqiqə
  • ApellyasiyaNəticə elan olunan gün

İmtahan tələbənin nəzəri biliyini, sərbəst işləmə bacarığını və bilikdən təcrübədə istifadə qabiliyyətini qiymətləndirir. İmtahan sessiyası rektorun əmri ilə keçirilir; ona tədris işləri üzrə prorektor, Tədris ofisi və fakültə dekanları cavabdehdir, fənn üzrə yekun nəzarəti kafedra aparır. Qaydalar «İmtahanların keçirilmə qaydaları» (ADDA-TL-017) sənədindədir.

İmtahana hazırlıq

  • Fənn üzrə auditoriya saatlarının bakalavriatın əyani formasında 15, qiyabi formasında və magistraturada 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır (Kredit sistemi ilə tədris).
  • Hər fənn üzrə semestr ərzində 2 sərbəst iş və 1 kollokvium nəzərdə tutulur.
  • İmtahan sualları semestrin başlanğıcından bir ay ərzində kafedrada təsdiq olunur və sessiyaya bir ay qalmış Elektron Akademiyaya yüklənir.

İmtahan günü

  • İmtahan cədvəli ilə əvvəlcədən tanış olun: tarix, saat və auditoriya.
  • İmtahanın başlanmasına 15 dəqiqə qalmış auditoriyanın qarşısında olun; auditoriyaya imtahana 5 dəqiqə qalmış dəvət olunursunuz.
  • İmtahana tələbə bileti (kartı) ilə buraxılırsınız.
  • İmtahan başlayandan 10 dəqiqədən çox gecikən tələbə imtahana buraxılmır. Gecikmənin üzrlü səbəbi rəsmi sənədlə (məsələn, tibbi arayışla) təsdiqləndikdə həmin imtahanı növbəti semestrin dərsləri başlayanadək bir dəfə vermək imkanı yaradılır.
  • Kitab, lüğət, konspekt, telefon və digər elektron vasitələr qadağandır. İmtahan vaxtı danışmaq, nəzarətçinin icazəsi olmadan zalı tərk etmək, siqaret çəkmək, qazsız sudan başqa nəsə yemək və içmək olmaz.
  • Qayda pozulduqda nəzarətçi akt tərtib edir və tələbəni imtahandan kənarlaşdırır.
  • Nəticələr imtahan günü, müstəsna hallarda ertəsi gün elan olunur.

Yazılı imtahan

  • Bilet və «Cavab kitabçası» götürüb təyin olunmuş yerdə əyləşirsiniz; cavablar yalnız bu kitabçaya yazılır.
  • Qələm, karandaş və kalkulyator gətirmək olar. Kalkulyator proqramlaşdırılmayan və hərf klaviaturası olmayan olmalıdır; «Ali riyaziyyat» imtahanında kalkulyatora icazə verilmir.
  • Səhv yazılmış hissənin üstündən xətt çəkilir; qaralamaq və korrektordan istifadə etmək olmaz. Cavabını bilmədiyiniz sual barədə bildiyinizi yazın: bu da qiymətləndirilir.
  • Zalı imtahan başlayandan ən azı 40 dəqiqə sonra tərk etmək olar; sonda qalan iki tələbə zalı birlikdə tərk edir. «Cavab kitabçası»nı və bileti nəzarətçiyə təhvil vermədən çıxmaq olmaz.

Test imtahanı

  • Test imtahanı Elektron Akademiya platformasında keçirilir. İstənilən boş kompüterdə istifadəçi adınızı və şifrənizi özünüz daxil edirsiniz, qeydiyyat üçün 5 dəqiqə verilir. Şifrəni başqasına vermək və nəticəni saxtalaşdırmaq intizam məsuliyyəti yaradır.
  • Sistem administratoru imtahana başlamaq üçün birdəfəlik şifrə verir.
  • Test imtahanı 60 dəqiqədir; zalı başlanğıcdan 25 dəqiqə sonra tərk etmək olar. Nəticə ekranda görünür.
  • Elektrik, internet və ya proqram nasazlığı üzündən imtahan yarımçıq qalarsa, hal araşdırılır və imtahana davam etmək üçün yeni birdəfəlik şifrə verilir.

Yazılı-şifahi imtahan

  • Biletdə 5 sual olur. Hazırlıq və qeydlər üçün 20 dəqiqəyə qədər, sualların cavablandırılması üçün 25 dəqiqəyə qədər vaxt verilir.
  • Auditoriyada eyni vaxtda 3 nəfərdən çox tələbə olmur: əvvəlcə 2 tələbə dəvət olunur, növbəti tələbə əvvəlki cavab verməyə hazır olanda daxil olur.
  • Hər sualın izahından sonra komissiya üzvləri əlavə suallar verə bilər; yekun qiymət cavablar əsasında müəyyən edilir.
  • İmtahan bir akademik qrupun imtahana buraxılan bütün tələbələri imtahan verənədək davam edir.

Nəticədən narazılıq

Nəticə ilə razı olmayan tələbə nəticələr elan olunan gün Akademiyanın apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə 3 iş günü ərzində baxılır və qərar qəbul edilir. Yay semestrində apellyasiya müraciəti nəticə elan olunduqdan 24 saat ərzində verilir.

İngilis dilində tədris olunan qruplarda

İngilis dilində tədris olunan qruplarda ingilis dili fənləri bir semestr (15 həftə) ərzində keçilir: Ümumi ingilis dili (90 saat), Kommunikativ ingilis dili (90 saat), Peşəkar ingilis dili (90 saat), İşgüzar ingilis dili (60 saat), Akademik oxu və yazı (60 saat). İmtahanlar ənənəvi qaydada və ya Microsoft Teams platformasında onlayn keçirilir, bilet 5 tapşırıqdan ibarətdir, nəticə 50 ballıq şkala ilə qiymətləndirilir («Tədrisi ingilis dilində aparılan fənlər üzrə imtahanların keçirilmə qaydaları», ADDA-TL-020).

  • Kommunikativ ingilis dili. Tələbə 5–10 dəqiqə ərzində semestrdə keçilən 30 mövzudan birini danışır. Nitqin axıcılığı, rabitəliliyi, söz ehtiyatı, qrammatika və tələffüz hər biri 10 balla, B1 səviyyəsinin meyarlarına görə qiymətləndirilir. Cavabı ən azı 3 müəllim qiymətləndirir, imtahan yazıya alınır və apellyasiyada istifadə oluna bilər.
  • Digər fənlər. Ənənəvi imtahan 2 saat, onlayn imtahan 1 saatdır. Biletin 5-ci tapşırığı esse (Akademik oxu və yazı, Peşəkar ingilis dili) və ya işgüzar yazışmadır (CV, dəvətnamə, sifariş və etiraz məktubu; İşgüzar ingilis dili). İşlər həmin gün yoxlanılır və nəticə elan olunur.

Yekun attestasiya, təcrübə və dissertasiyalar

Buraxılış imtahanının qaydaları: Yekun dövlət attestasiyası. Diplomqabağı təcrübənin qiymətləndirilməsi: Diplomqabağı təcrübə. Dissertasiyaların antiplagiat yoxlaması: Akademik dürüstlük və antiplagiat.

Tez-tez verilən suallar