Azərbaycan Dənizçilik Kolleci PHŞ
1930-cu ildə yaradılıb
- İxtisas4
- Əməkdaş24
- Telefon(012) 371 95 84, (012) 371 34 30
Missiya
Dənizçilik təhsilində beynəlxalq standartları rəhbər tutaraq, gələcəyin peşəkar, məsuliyyətli və innovativ dənizçilərini yetişdirmək; tələbələrimizi dənizlərdə və okeanlarda uğurlu karyeraya hazırlayaraq, Azərbaycanın dənizçilik sənayesinə etibarlı kadr potensialı qazandırmaqdır.
Haqqında

Azərbaycan Dənizçilik Kolleci, 21 may 1930-cu il tarixində Bakı şəhərində "Zaqafqaziya Balıq Sənayesi Texnikumu" adı ilə yaradılmış və region üçün "Balıq ovu" ilə "Balığın emalı" sahələrində ilk mütəxəssisləri yetişdirməyə başlamışdır. Zamanla fəaliyyət coğrafiyasını genişləndirən təhsil ocağı, 1946-cı ildən etibarən ümumölkə miqyaslı kadr hazırlığına start vermiş, sənayenin inkişafı ilə əlaqədar olaraq 1950-60-cı illərdə tədris proqramına "Gəmi güc qurğuları", "Dəniz gəmi sürücüsü", "Mühasibat uçotu" və "İxtiologiya" kimi strateji ixtisasları əlavə etmişdir. Zəngin tarixi boyunca SSRİ-nin müxtəlif nazirliklərinin, "Xəzərbalıq" birliyinin və müstəqillik dövründə “Azərbalıq” Dövlət Konserninin tabeliyində fəaliyyət göstərən müəssisə, 2000-ci ildə Təhsil Nazirliyinin idarəçiliyinə verilmiş, 2010-cu ildə isə "Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci" statusunu almışdır. Müasir dənizçilik təhsilinin tələblərinə uyğun olaraq reallaşdırılan köklü islahatların nəticəsi kimi, kollec Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tabeliyinə verilərək Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində "Azərbaycan Dənizçilik Kolleci" adlandırılmış, 21 sentyabr 2022-ci il tarixli qərarla isə idarəetmə strukturunu yeniləyərək Publik Hüquqi Şəxs (PHŞ) statusu ilə fəaliyyətini müvəffəqiyyətlə davam etdirməkdədir.
Azərbaycan Dənizçilik Kollecində 14 auditoriya və 1 ədəd imtahan otağı mövcuddur.

Fəaliyyət sahəsi
• Dənizçilik sahəsi üzrə beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı subbakalavr mütəxəssislər yetişdirmək.
• Tədrisi Beynəlxalq Dənizçilik Təşkilatının (IMO) və STCW Konvensiyasının tələblərinə uyğun təşkil etmək.
• Tələbələrin ASCO-nun müasir gəmilərində və təlim mərkəzlərində real üzmə və istehsalat təcrübəsini təmin etmək.
• Dərslərdə müasir dənizçilik simulyatorları, trenajorlar və rəqəmsal texnologiyaları tətbiq etmək.
• Müəllim və təlimçi heyətinin ixtisasını mütəmadi olaraq təkmilləşdirmək.
• Tələbələrə dənizçi peşəsinin yüksək məsuliyyətini, nizam-intizam və korporativ etika qaydalarını aşılamaq.

