İnformasiya resurs mərkəzi
2015-ci ildə yaradılıb
- Əməkdaş8
- Telefon(012) 4043700, daxili 3240
Mərkəzin missiyası
Rəqəmsallaşma, beynəlxalq keyfiyyət standartları (ISO) və innovativ daxili xidmət sahələrini inteqrasiya edərək, regional dənizçilik təhsili müəssisələri arasında ən müasir, əlçatan və qabaqcıl texnoloji infrastruktura malik olan aparıcı İnformasiya Resurs Mərkəzinə çevrilmək.
Mərkəz haqqında
İRM ADDA-nın 09.09.2015-ci il tarixli, 1247/K saylı əmri ilə təsis edilmişdir.
İnformasiya Resurs Mərkəzi (İRM) Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) əsas struktur bölmələrindən biridir. Mərkəz akademiyanın tədris və elmi-tədqiqat fəaliyyətinə hərtərəfli informasiya dəstəyi göstərir. Təlim-tərbiyə prosesinin müasir elmi, metodiki və dərslik materialları ilə təmin olunmasını reallaşdırır, eləcə də mədəni, mənəvi və intellektual dəyərlərin fəal təbliğatçısı kimi çıxış edir.
Mərkəz öz fəaliyyətində aşağıdakı hüquqi və normativ sənədləri rəhbər tutur:
-Azərbaycan Respublikasının Konstitusiyası;
-“Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunları;
-Elm və Təhsil Nazirliyinin əmr, sərəncam və normativ direktivləri;
-“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və ADDA rəhbərliyinin əmr və sərəncamları; İRM-in daxili Əsasnaməsi.
Mərkəzin Struktur Bölmələri (Sektorlar)
İRM çoxşaxəli fəaliyyət istiqamətlərini və hədəflərini reallaşdırmaq üçün daxili idarəetmə strukturuna əsasən 5 əsas sektor üzrə fəaliyyət göstərir:
1.İnformasiya-Kommunikasiya Sektoru
2.Kitabxana Sektoru
3.Media Sektoru
4.Audit Sektoru
5.Elektron İmtahan Sektoru
İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) Sektoru
Sektor akademiyanın bütün daxili strukturunun informasiyalaşdırılmasına, texnoloji infrastrukturun qurulmasına, şəbəkə xidmətlərinin idarə olunmasına və Qlobal İnternet şəbəkəsinə çıxışın inzibatçılığına cavabdehdir:
-Texniki xidmət və profilaktika: ADDA üzrə texniki avadanlıqların nasazlıqlarının təyini, vaxtında profilaktikası, təmiri və şəbəkə sisteminin fasiləsizliyinin təmini;
-Proqram təminatı: kompüterlərin format olunması, lisenziyalı və zəruri proqram paketləri ilə təmin edilməsi;
-Multimedia dəstəyi: multimedia proqram komplekslərinin (MRK) müntəzəm işlək vəziyyətdə saxlanılması, işçi və tələbə heyətinə bu istiqamətdə məsləhət xidmətinin verilməsi;
-İnventarizasiya və silinmə: akademiyanın hər iki tədris korpusunda mövcud texniki avadanlıqların uçotunun aparılması, istifadə müddətini bitirmiş və yararsız cihazların rəsmi qaydada silinməsi;
-Tədbirlərin texniki müşayiəti: akademiyada keçirilən yerli və beynəlxalq səviyyəli tədbirlərin zəruri audio-vizual və texniki avadanlıqlarla dəstəklənməsi.
Kitabxana Sektoru 
Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və elmi-tədqiqat fəaliyyətinə informasiya dəstəyi göstərən mədəni, mənəvi və intellektual ünsiyyət mərkəzidir. Sektor öz fəaliyyətini Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına, ali təhsilin idarəetmə orqanlarının və ADDA-nın daxili qərarlarına, həmçinin İnformasiya Resurs Mərkəzinin Əsasnaməsinə və daxili nizam-intizam qaydalarına uyğun şəkildə qurur.
Kitabxana öz işində aşağıdakı hüquqi və normativ sənədləri rəhbər tutur:
-Azərbaycan Respublikasının Konstitusiyası;
-“Təhsil haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunları, müvafiq dövlət və hökumət qərarları;
-Elm və Təhsil Nazirliyinin əmr, sərəncam və normativ direktivləri;
-ADDA rəhbərliyinin daxili əmr və sərəncamları;
-Kitabxananın fəaliyyət Əsasnaməsi.
Sektorun əsas fəaliyyət istiqamətləri və vəzifələri:
-Çoxşaxəli oxucu xidməti: bakalavr, magistr, doktorant, elmi işçi, professor-müəllim və texniki heyət başda olmaqla, universitetin bütün kateqoriyalardan olan oxucularının informasiya tələbatını və sorğularını operativ şəkildə qarşılamaq, yüksək səviyyəli məlumat-biblioqrafiya xidməti göstərmək;
-Fondun modernləşdirilməsi və təkmilləşdirilməsi: akademiyanın profilinə və oxucu ehtiyaclarına uyğun olaraq kitabxana fondunu formalaşdırmaq; ənənəvi çap məhsulları ilə yanaşı, müasir informasiya texnologiyalarına keçidi təmin etmək, məlumat-biblioqrafiya aparatını davamlı inkişaf etdirmək;
-İnformasiya mədəniyyətinin aşılanması: oxucuların informasiya mədəniyyətini formalaşdırmaq, onlara kitabxananın məlumat-soraq aparatından və yeni rəqəmsal texnologiyalardan sərbəst istifadə etmək bacarıqlarını öyrətmək;
-Daxili və akademik əməkdaşlıq: kitabxananın fəaliyyətini akademiyanın müvafiq kafedraları və daxili ictimai təşkilatları ilə sıx koordinasiya etmək;
-Rəqəmsallaşma və texnoloji innovasiyalar: kitabxana proseslərində müasir texniki vasitələrdən istifadə etməklə məlumat-biblioqrafiya və informasiya işini mexanikləşdirmək, avtomatlaşdırmaq və kompüterləşdirmək; xidmət formalarını genişləndirərək maddi-texniki bazanı gücləndirmək;
-Mənəvi irsin təbliği və tərbiyəvi iş: oxucularda vətənpərvərlik, humanistlik və ümumbəşəri dəyərləri tərbiyə etmək; fondlarda toplanmış elmi, mədəni və mənəvi irsi geniş kütləyə açıqlamaq və təbliğ etmək;
-Kitabxanalararası inteqrasiya: kitabxanalararası abonement (KAB) və beynəlxalq abonement sistemləri vasitəsilə digər yerli və xarici kitabxanaların fondlarından qarşılıqlı surətdə istifadə imkanı yaratmaq;
-Fondun mühafizəsi və texniki baxım: kitabxana fondunun qanunvericiliyə uyğun şəkildə uçotunu aparmaq, kitabların qorunmasını, bərpasını və sanitariya-gigiyena normalarına tam uyğun mühitdə mühafizəsini təmin etmək.
Kitabxananın strukturu aşagıdakı bölmələrdən ibarətdir:
1. Fondun uçotu və mühafizəsi:
-Kitabxana fondunun tərkibinə kitablar, jurnallar, qəzetlər, digər çap məhsulları, əlyazmalar, audiovizual və texniki vasitələrlə oxunan rəqəmsal materiallar daxildir. ADDA kitabxanası Azərbaycan, rus və ingilis dillərində zəngin sahəvi və ixtisaslaşdırılmış fonda, həmçinin nadir nəşrlər kolleksiyasına malikdir;
-Fondun qorunmasına müntəzəm nəzarət edilməsi;
-Daxil olan ədəbiyyatın qəbulu, ştamplanması və yoxlanılması;
-Aktual olmayan və istifadəyə yararsız ədəbiyyatın fonddan çıxarılması.
2. Komplektləşdirmə:
-Fondun Azərbaycan və xarici dillərdə zəruri nəşrlərlə zənginləşdirilməsi;
-Ədəbiyyatın inventar kitabında dəqiq uçotunun aparılması;
-Tədris ədəbiyyatı üçün uçot kartoçkalarının açılması;
-Akademiya üzrə illik dövri mətbuat abunəliyinin təşkili və mühasibatlıqla koordinasiya.
Daxil olan ədəbiyyat kitabxananın bütün fondları üzrə qruplaşdırılır, inventar kitabında qeydə alınır, tədris ədəbiyyatı üçün uçot kartoçkası açılır. Lazımi sənədlər mütəmadi olaraq mühasibatlığa təqdim edilir.
3. Kitab işləmə və kataloqlaşdırma:
-Komplektləşmə bölməsindən alınan dərslik, elmi əsər, bədii ədəbiyyat və dissertasiyaların təsvir olunması və texniki cəhətdən işlənilməsi;
-İşlənilmiş materialların həm elektron, həm də ənənəvi əlifba kataloquna inteqrasiyası.
4. Biblioqrafik təsvir və kartoteka:
-Kitabların beynəlxalq kitabxana-biblioqrafiya qaydalarına uyğun kartoçkalara işlənməsi;
-Daxil olan ədəbiyyatın qeyd kartoçkalarının əlifba və sistemli şəraitdə düzülməsi.
5. Əlifba və sistemli kataloq:
-Alınan ədəbiyyatın UOT (Universal Onluq Təsnifata) uyğun təsnifləşdirilməsi;
-Oxucuların mövzu üzrə sorğularının sistemli kataloq vasitəsilə cavablandırılması.
6. Qiraət və kompüter zalları:
-Oxucuların informasiya tələbatına uyğun olaraq operativ xidmət göstərilməsi;
-Tələbə və əməkdaşlara rəqəmsal məlumat-soraq aparatından və yeni İKT vasitələrindən istifadə bacarıqlarının aşılanması.
Media Sektoru
“İnformasiya əldə etmək haqqında” AR Qanununa uyğun olaraq fəaliyyət göstərən bu sektor akademiyanın informasiya strategiyasını, reklam və mətbuat siyasətini qurur, ictimaiyyətlə əlaqələrin (PR) effektiv koordinasiyasını təmin edir və şəffaf universitet imicini inkişaf etdirir.
Sektorun əsas vəzifələri:
-İctimaiyyətin məlumatlandırılması və şəffaflıq: akademiyanın fəaliyyətini, görülən işləri və islahatları KİV-də (Kütləvi İnformasiya Vasitələri) geniş işıqlandırmaq;
-Tədbirlərin və PR kampaniyalarının təşkili: akademiya nüfuzunun artırılması məqsədilə tanıtım xarakterli mədəni və rəsmi tədbirləri təşkil etmək;
-Media monitorinqi: akademiya tədbirlərinə media nümayəndələrini cəlb etmək, mətbuatda ADDA ilə bağlı yayımlanan materialların gündəlik monitorinqini apararaq rəhbərliyə hesabat vermək;
-Elmi və akademik nailiyyətlərin təbliği: akademiyada aparılan elmi araşdırmalar, ixtiralar, kafedra və laboratoriyaların innovativ fəaliyyətləri barədə mütəmadi məqalələr hazırlamaq;
-Rəqəmsal resursların idarə edilməsi:
•ADDA-nın rəsmi veb-saytını idarə etmək, xəbər bazasını 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) gündəlik olaraq yeniləmək;
•Akademiyanın sosial şəbəkə hesablarında fəal və dinamik təmsilçiliyini təmin etmək;
-Brendinq və beynəlxalq əlaqələr: abituriyentlər və tələbələr üçün ADDA-nı tanıdan kataloq, broşur, plakat və multimedia (CD/video) materialları hazırlamaq; xaricdən gələn qonaqların akademiya ilə tanışlıq vizitlərini təşkil etmək;
-Arxivləşdirmə və abunəlik: universitetin fəaliyyətinə dair kağız, foto və video materiallardan ibarət media arxiv yaratmaq; dövri mətbu və elektron nəşrlərə abunəlik işini qurmaq.
Sektor öz səlahiyyətləri çərçivəsində digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, eləcə də yerli və beynəlxalq səviyyəli tədbirlərdə ADDA-nı rəsmi olaraq təmsil edir.
Audit Sektoru
ADDA-da keyfiyyət sahəsində siyasət; tədris, təlim-trenajor mərkəzlərinin fəaliyyəti və dəniz nəqliyyatı mütəxəssislərinin hazırlığı üzrə xidmətlərin beynəlxalq və milli standartlara tam cavab verməsinə əsaslanır. Akademiya 2002-ci ilin oktyabrından etibarən dənizçi kadrların hazırlanmasında ISO 9001 Beynəlxalq standartına uyğun fəaliyyət göstərir və hazırda ISO 9001:2015 keyfiyyət menecment sistemi (KMS) uğurla tətbiq edilir.
Sektor keyfiyyət standartlarının qorunması məqsədilə növbəti funksiyaları icra edir:
-Sistematik daxili audit: akademiyanın fəaliyyətinin müəyyən olunmuş strateji hədəflərə və KMS tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə daxili auditlərin keçirilməsi;
-Xarici auditin təşkili: ildə bir dəfədən az olmayaraq beynəlxalq sertifikatlaşdırma qurumları tərəfindən keçirilən inspeksiya və ya yenidən sertifikatlaşdırma auditinin yüksək səviyyədə təşkili;
-Struktur nəzarəti: akademiyanın bütün şöbə, kafedra və bölmələrinin iş prinsiplərinin qəbul edilmiş ümumi keyfiyyət standartlarına (ISO) tam uyğunluğuna nəzarət edilməsi.
Elektron İmtahan Sektoru
Tədris prosesinin obyektivliyini təmin edən bu sektor imtahanların mərkəzləşdirilmiş elektron sistem üzərindən təşkilini həyata keçirir:
-Şəffaflığın təmini: tədris ili ərzində (ildə 3 dəfə) test üsulu ilə keçirilən imtahan sessiyalarının tam şəffaf və obyektiv mühitdə təşkili;
-Sistem yeniləmələri: imtahan keçirilən kompüterlərin proqram təminatına mütəmadi olaraq dövri dəyişikliklərin və funksional əlavələrin edilməsi;
-Baza menecmenti: qış və yay imtahan sessiyalarında keçirilən fənlər üzrə test suallarının yoxlanılması, bazada yenilənməsi və yüklənməsi;
-Nəticələrin emalı: imtahan prosesinin idarə olunması və yekun imtahan nəticələrinin (protokollaşdırma) vaxtında hazırlanması.
Fəaliyyət sahəsi
Quruluş və idarəetmə
Mərkəz Akademiyanın 09.09.2015 tarixli 1247/K nömrəli əmri ilə yaradılıb. Strukturuna müdir, müdir müavini, informasiya texnologiyaları üzrə baş mütəxəssis və mütəxəssis, mühəndis, kitabxana üzrə mütəxəssis, kitabxanaçı və mühəndis-elektronçu daxildir.
Mərkəzə rektorun təyin etdiyi müdir rəhbərlik edir. İş prorektorun təsdiq etdiyi illik plan, əməkdaşların fəaliyyəti isə fərdi iş planları üzrə təşkil olunur; müdir hər il rəhbərliyə hesabat verir. Əsasnamə Elmi Şuranın 29 dekabr 2023-cü il tarixli iclasında (protokol № 04) təsdiq olunub.
Xidmətlər
Strateji hədəflər üzrə öhdəliklər
• Texnoloji İnfrastruktur: Akademiyanın hər iki korpusunda fasiləsiz şəbəkə, lisenziyalı proqram təminatı və müasir multimedia dəstəyini təmin etmək.
• Modern Kitabxana: Fondun dənizçilik profilinə uyğun qorunması və zənginləşdirilməsi, tam e-kitabxana modelinə və qlobal elmi bazalara keçidi sürətləndirmək.
• Şəffaf İmtahanlar: İl ərzində keçirilən elektron test imtahanlarının tam obyektiv, təhlükəsiz və proqram baxımından qüsursuz təşkilini gerçəkləşdirmək.
• Keyfiyyət və Audit (ISO): Akademiyanın dənizçi hazırlığı fəaliyyətini ISO 9001:2015 standartlarına tam uyğun saxlamaq, sistematik daxili və xarici auditləri keçirmək.
• Media və PR: Akademiyadakı islahat və yenilikləri KİV-də, sosial şəbəkələrdə və 3 dildə rəsmi veb-saytda şəffaf, operativ şəkildə işıqlandırmaq.

