12 Noyabr - Konstitusiya Günüdür

Noyabrın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev iştirakçıları salamlayaraq, noyabr ayının xalqımız və dövlətçiliyimiz üçün xüsusi əhəmiyyətli günlərlə zəngin olduğunu və bu mühüm günlərdən birinin də bu il 30 illik yubileyini qeyd etdiyimiz Konstitusiya günü olmasını vurğulayıb. E.Qocayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını müasir dövlətçilik tariximizdə əldə edilən parlaq Zəfərin hüquqi-siyasi təsdiqi kimi dəyərləndirib. Natiq qeyd edib ki, dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi, həmçinin konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi və təbliği məqsədi daşıyan bu addım yaddaşla gələcəyə baxışın vəhdətini əks etdirməklə, milli birliyin möhkəmləndirilməsi və özünüdərkin dərinləşməsinə töhfə verir. O, həmçinin, Azərbaycanın konstitusionalizm tarixinə ekskurs edərək, Konstitusiyanın əsas, mühüm normativ sənəd kimi daim öyrənilməli olduğunu bildirib.
Yubiley tədbirinin fəxri qonağı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Konstitusiyanın milli dövlətçiliyimizin dayağı kimi tarixi, hüquqi və siyasi əhəmiyyətini geniş təhlil edib. Çıxışının əvvəlində dövlətçilik ənənəsini tarixi kontekstdə şərh edən E.Nəsirov bildirib ki, Azərbaycan xalqı XX əsrdə iki dəfə öz taleyini həll etmək imkanı qazanıb, lakin ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dövründə çox mürəkkəb tarixi şəraitdə uğursuz nəticələnib. Bununla belə, xalqımızın dövlətçilik ruhu və milli şüuru məhv olmayıb, əsrin sonlarında yenidən müstəqil dövlət qurmaq iradəsi gerçəkliyə çevrilib.
Heydər Əliyev fenomeni və Azərbaycan Respublikası Konstitusiyasının yaranması məsələsinə toxunan Elşad Nəsirov 1990-cı illərin əvvəllərinin Azərbaycan tarixində ən çətin, eyni zamanda dönüş yaradan dövr olduğunu qeyd edib. Separatizm, müharibə və siyasi xaos şəraitində dövlət müstəqilliyinin qorunması çətin sınaqlarla üzləşdi, xalqın təkidi ilə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı bu prosesdə dönüş nöqtəsi oldu, dövlətin dağılmaq təhlükəsi qarşısında milli birliyin, hüquqi sabitliyin və konstitusion quruculuğun əsası qoyuldu.
E.Nəsirov Heydər Əliyevin SSRİ dövründən başlayaraq milli dövlətçilik ənənələrinin formalaşmasındakı xidmətlərini xüsusi vurğulayıb: təhlükəsizlik orqanlarının milliləşdirilməsi, 1937-ci il repressiyalarının ifşası, bir çox milli fəalı xilas etməsi, Huseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi və bununla milli yaddaşın bərpası istiqamətində atılan addımlar, 1978-ci il Konstitusiyasında ilk dəfə dövlət dilinin Azərbaycan dili kimi təsbit edilməsi dövlət ideologiyasının mənəvi dayaqlarını möhkəmləndirdi. 1995-ci ildə qəbul olunan indiki Konstitusiya isə Azərbaycanın müstəqil dövlət kimi varlığını təmin edən tarixi sənəd oldu. Elşad Nəsirov bu sənədi “dördüncü nəsil konstitusiyaların” ən mütərəqqilərindən biri kimi səciyyələndirərək, onun quruluş, məzmun və milli maraqların sintezi baxımından dünyanın ən optimal konstitusiyalarından biri olduğunu qeyd edib, milli maraqların qorunması, insan hüquq və azadlıqlarının təminatı və dövlət hakimiyyətinin bölünməsi prinsipi baxımından Azərbaycan modelinin müasir hüquq sistemində analoqu olmayan mütərəqqi struktur formalaşdırdığını bildirib.
44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, dünya hərb tarixində hibrid müharibə modelinin unikal nümunəsi kimi qiymətləndirildiyini deyən Elşad Nəsirov tarixi-fəlsəfi düşüncələri ilə də bölüşüb. O bildirib ki, Zəngəzur dəhlizinin reallaşması Türk dünyasının inteqrasiyasını təmin edən strateji layihə olacaq. Prezident İlham Əliyevin dövlət idarəçiliyindəki uzaqgörən siyasətini “şahmat taxtasında qlobal oyun ustalığı” kimi dəyərləndirən fəxri qonaq, Heydər Əliyev ideyalarının bu gün yeni inkişaf mərhələsinə yüksəldiyini təsdiqləyib.
Çıxışının yekununda Elşad Nəsirov gəncləri Azərbaycan tarixini, mədəniyyətini və dilini dərindən öyrənməyə, milli kimlik və dövlətçilik dəyərlərinə sədaqətlə xidmət etməyə çağırıb, tələbələrin suallarını cavablandırıb və onlara uğurlar arzulayıb.
Yubiley tədbirinin sonunda Akademiya tələbələri arasında keçirilmiş və 12 noyabr - Konstitusiya gününə həsr olunmuş “Hüquq zəkası” intellektual yarışının qaliblərinə diplomlar təqdim edilib.

