Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

44 günün əbədiyyəti

07 Noyabr 2025
44 günün əbədiyyəti

8 Noyabr - Zəfər Günü ərəfəsində Azərbaycan Dövlət Dəniz Akademiyasında “44 günün əbədiyyəti” adlı geniş tədbir keçirilib.

Tədbirdən öncə Akademiya rəhbərliyi dəvət olunmuş şəhid valideynləri, müharibə veteranları və qonaqlarla çay süfrəsi ətrafında səmimi görüş keçirib. Görüş zamanı şəhid ailələrinə və qazilərə həm dövlət səviyyəsində, həm də hər bir Azərbaycan vətəndaşı tərəfindən göstərilən diqqət və qayğıdan danışılıb, qəhrəman oğullarımızın Vətən müharibəsində igidlikləri xatırlanıb. ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev şəhid ailələrinə və müharibə iştirakçılarına minnətdarlığını ifadə edib, onların fədəkarlığının xalqımız tərəfindən daim hörmət və ehtiramla anıldığını vurğulayıb. Qonaqlar 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə və sağlamlıqlarını Vətən uğrunda fəda etmiş igid qazilərimizə həsr olunmuş guşə ilə də tanış olublar.

Akademiyanın akt zalında professor-müəllim heyəti və tələbələrin iştirakı ilə davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş bütün şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 5 il öncənin o unudulmaz günlərinə, xalqımızın şərəf və qürur mənbəyi olan 44 günün səbəbləri və gedişinə həsr olunmuş videoçarx nümayış etdirilib.

Açılış nitqi ilə çıxışinda Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev Vətən müharibəsində Azərbaycan xalqının birliyindən, yenilməz Azərbaycan ordusunun qəhrəmanlığından danışıb, bu möhtəşəm Qələbənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi və qətiyyətli qərarları nəticəsində reallığa çevrildiyini deyib. O bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri dövlətimizin gücünü, xalqımızın iradəsini və qalib Azərbaycanın sabaha olan inamını əks etdirir.

Akademiyanın məzunu olmuş şəhid İnqilab Qədirbəylinin anası Təranə xanımın çıxışı dərin duyğularla qarşılanıb. O, şəhidlərin əziz xatirəsinin xalqın yaddaşında daim yaşayacağını və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin onların qəhrəmanlıq dastanından güc aldığını söyləyib.

Daha bir şəhidimiz Bayrı İmanovun atası Mirzə İmanov bu gün qürur hissi keçirdiyini deyərək, şəhidlərimizin ruhu qarşısında baş əydiyini, onların fədəkarlığının heç vaxt unudulmayacağını vurğulayıb.

Vətənpərvərlik ruhunda yazılmış, sözləri və musiqisi ADDA-nın əməkdaşı, 12 yaşından Qarabağ nisgilini qəlbində daşıyan Xocalı sakini Aydın Qafarova məxsus “Zəfər günü” mahnısı müğənni Arif Mehmandostun ifasında tədbir iştirakçılarına xüsusi əhval-ruhiyyə bəxş edib.

Sonra söz qəhrəmanlara verilib. Azərbaycanın ən gənc Vətən müharibəsi qəhrəmanı Azər Abdullazadə, cəsur döyüşçü, xalqımızın sevimlisinə çevrilmiş Amin Musayev döyüş xatirələrindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün əsgərlərimizi ruhlandıran tarixi addımlarından ətraflı söz açıblar, gənc nəslin Vətən sevgisi ilə yetişdirilməsinin vacibliyini qeyd ediblər.

Vətən müharibəsində iştirak etmiş tələbələrimiz Cavid Məhərrəmli və Ülvi Məlikov çıxışlarında Möhtəşəm Qələbənin mənəvi dəyərindən bəhs edərək, bu Zəfərin bütün xalqımız üçün tükənməz qürur mənbəyi olduğunu bildiriblər.

Tələbələrə və müəllimlərə əsl bayram əhval-ruhiyyəsi bəxş edən tədbir Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, əməkdar müəllim Qəzənfər Abbasovun və Milli Konservatoriyanın tələbəsi Qətibə Salmanovanın ifasında “Qarabağ şikəstəsi”nin sədaları altında alqışlarla yekunlaşıb.

Foto qalereya8

Reaksiyanızı bildirin