ADDA-da “Ağıllı limanlar və müasir gəmiçilik” mövzusunda təlim keçirilib

9 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında “Ağıllı limanlar və müasir gəmiçilik” mövzusunda təlim təşkil olunub. Tədbir Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 iyun tarixli 621 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma sessiyası – World Urban Forum 13 (WUF13) ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq həyata keçirilib.
Təlimdə AZCON Holdingin Daxili Audit Departamentinin İT audit şöbəsinin müdiri Alıxəyyam Quluzadə və böyük mütəxəssis Mirismayıl Ağamirli çıxış ediblər. Akademiyanın professor-müəllim heyəti və tələbələr tədbirdə iştirak ediblər.
Tədbirin açılışında prorektor İradə Əliyeva qonaqları salamlayaraq tələbələrin peşəkar mütəxəssis kimi formalaşmasında müxtəlif mövzularda keçirilən təlim, seminar, konfrans və ustad dərslərinin mühüm rol oynadığını vurğulayıb.
Təlimçi Alıxəyyam Quluzadə geniş təqdimatında ağıllı limanların rəqəmsal komponentləri, müasir gəmiçilik texnologiyaları, müasir gəmiçilikdə süni intellektin rolu, kibertəhlükəsizlik, blokçeyn və dəniz nəqliyyatı logistikası, həmçinin dəniz nəqliyyatı sahəsində mövcud qlobal trendlər barədə məlumat verib. Təlim interaktiv müzakirələr şəraitində davam edib və tələbələr mövzu ilə bağlı suallarını ünvanlayaraq fəal iştirak ediblər.
Tədbirdən sonra ekspert müvafiq struktur rəhbərləri ilə tədris prosesində süni intellekt texnologiyalarının tətbiqi, həmçinin ali təhsil müəssisələrində kibertəhlükəsizliyin gücləndirilməsinin əhəmiyyəti müzakirə edib və bu istiqamətdə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.

