ADDA-da gəmi energetik qurğularına dair elmi seminar keçirilib

22 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında “Gəmi energetik qurğuları” kafedrasının təşkilatçılığı ilə “Gəmi energetik qurğularının nəzəri və praktiki problemləri” mövzusunda elmi seminar keçirilib.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Əli Abbasov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin texniki direktoru Rəşad Göyüşov, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professor-müəllim heyəti, eləcə də Akademiyanın əməkdaşları, doktorantları, magistrantları və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Gəmi energetik qurğuları” kafedrasının müdiri Akif İsmayılov açaraq gəmi energetik qurğularının nəzəri və praktiki problemləri, həmçinin bu sahədə müasir texnologiyaların tətbiqinin aktuallığı və perspektivləri barədə məlumat verib.
Daha sonra Rəşad Göyüşov və kafedranın baş müəllimi Nurməhəmməd Talıbov gəmilərdə energetik qurğuların istismarı, alternativ yanacaqlardan istifadə və ətraf mühitin mühafizəsi zamanı qarşıya çıxan problemlərə dair məruzələrlə çıxış ediblər. Ardınca akademik Əli Abbasov “Süni intellekt və onun gəmiçilikdə tətbiqi” mövzusunda çıxış edərək bu sahədə yeni yanaşmalar və texnoloji imkanlar barədə geniş məlumat verib.
Azərbaycan Texniki Universitetinin professoru Ziyafət Kərimov isə öz çıxışında daxili yanma mühərriklərinin yaxın perspektivdə də gəmiçilikdə mühüm rol oynamaqda davam edəcəyini əsaslandırılmış şəkildə izah edib.
Hər bir məruzədən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb və fikir mübadiləsi həyata keçirilib.
Seminarın sonunda Akif İsmayılov tədbirin əhəmiyyətini vurğulayaraq səsləndirilən məsələlərin və təkliflərin gələcək tədqiqatlar baxımından önəmini qeyd edib, həmçinin iştirakçılara Akademiya rəhbərliyi adından təşəkkürünü bildirib

