Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da gəmiçiliyin inkişafına dair seminar keçirilib

15 May 2026
ADDA-da gəmiçiliyin inkişafına dair seminar keçirilib

14 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Azərbaycanda gəmiçiliyin inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Seminarda Azərbaycanın müxtəlif elm, təhsil və istehsalat müəssisələrinin aparıcı mütəxəssisləri, həmçinin Türkiyənin İstanbul Texniki Universiteti və Orta Doğu Texniki Universitetinin alimləri iştirak ediblər. Tədbirə müxtəlif xarici ölkələrdən mütəxəssislər də onlayn formatda qoşulublar.

Tədbiri giriş sözü ilə açan ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev qonaqları salamlayaraq gəmiçilik sahəsinin gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, Akademiyanın beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edərək, yeni tədris ilindən etibarən bir sıra xarici ali təhsil müəssisələrinin professorlarının ADDA-da tələbələrlə öz bilik və təcrübələrini bölüşəcəklərini bildirib.

“Tətbiqi mexanika” kafedrasının müdiri, professor Yusif Həsənov seminar haqqında məlumat verərək bildirib ki, tədbir ölkəmizdə dənizçilik təhsilinin 145 illiyinə və Akademiyanın 30 illik yubileyinə həsr olunub. O, həmçinin “Dənizçilik təhsilinin inkişaf tendensiyası” mövzusunda çıxış edib və mövzunun daha geniş təqdimatı üçün sözü kafedranın dosenti Şahid Yusubova verib.

Seminar çərçivəsində Azərbaycan Texniki Universitetinin nümayəndəsi, professor Rasim Bəşirov “Akademiyanın yaradılması iqtisadiyyatın inkişafının strateji xəttidir”, İstanbul Ticarət Universitetinin professoru Abdulla Avey “Gəmilərdə maşın mexanizmlərinin uzunömürlülüyünün artırılmasında innovativ texnologiyalar”, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Fərman Nağıyev “Dənizçilik sənayesində metrologiyanın rolu”, ADDA nümayəndəsi Ruslan Əlicanov isə “Müasir gəmiçilikdə süni intellekt əsaslı su dronlarının inkişaf perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçıların xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.

Foto qalereya3

Reaksiyanızı bildirin