ADDA-da ilk Disskussiya klubu yaradıdı

25 fevral 2026-cı il tarixində “Azərbaycan Dövlət Dəniz Akademiyası”nda Elm-Təhsil-İstehsalat Diskussiya Klubunun yaradılması məqsədilə görüş təşkil olunmuşdur. Görüşdə Akademiyanın rəhbər heyəti, Xəzər Dəniz Neft Donanması, Dəniz Nəqliyyatı Donanması, “Zığ Gəmi Təmiri və Tikintisi Zavodu”, “Bakı Gəmiqayırma Zavodu” MMC, BUE Caspian Limited, Caspian Marine Services B.V., GN Group Corporation, “Səmayə Logistic” MMC, “Novelty Service” QSC, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Zirə limanının nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev elm, təhsil və istehsalat arasında inteqrasiyanın gücləndirilməsinin zəruriliyini, dənizçilik sahəsində yüksəkixtisaslı kadr hazırlığının istehsalat müəssisələri ilə sıx əməkdaşlıq şəraitində daha səmərəli həyata keçiriləcəyini vurğulamışdır. Yeni təsis edilən Diskussiya klubunun bu əməkdaşlığın institusional platforması rolunu oynayacağı qeyd edilmişdir.
Dəniz Nəqliyyatı Donanmasının baş mühəndisi-rəis müavini Mikayıl Osmanov dəniz nəqliyyatı sahəsində müasir texnologiyaların tətbiqi və yüksək ixtisaslı mühəndis kadrlarına olan tələbat barədə məlumat vermiş, Akademiya ilə istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin, tələbələrin real istehsalat mühitində təcrübə keçməsinin vacibliyini vurğulamışdır.
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktor müavini Əlimərdan Quliyev çıxışında liman və logistika sektorunda yüksəkixtisaslı kadrlara artan tələbatı nəzərə alaraq Akademiya ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını bildirmişdir.
Görüş iştirakçıları Diskussiya klubunun ali təhsil ilə sənaye arasında əlaqələrin sistemli şəkildə qurulması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, müasir texnologiya və innovasiyaların tətbiqi, eləcə də mütəxəssislər arasında təcrübə və bilik mübadiləsinin gücləndirilməsi kimi prioritet istiqamətləri müzakirə etmiş, klubun əsasnaməsinin təsdiq olunmasını məqsədəuyğun hesab etmişlər.

