Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da IMO e-Learning təliminə start verilib

16 Mart 2026
ADDA-da IMO e-Learning təliminə start verilib

13 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Beynəlxalq Dəniz Təşkilatının (IMO) e-Learning platforması üzrə maarifləndirici təlimə start verilib.

Məlum olduğu kimi, IMO-nun inteqrə edilmiş Texniki Əməkdaşlıq Proqramı (ITCP) inkişaf etməkdə olan ölkələrin IMO-nun konvensiyaları, məcəllələri və digər normativ sənədlərinə uyğunluğunu təmin etmək məqsədilə insan və institusional potensialın gücləndirilməsinə xidmət edir. Bu proqram çərçivəsində həyata keçirilən mühüm təşəbbüslərdən biri də IMO-nun e-Learning onlayn təlim platformasıdır.

Təlimin əsas məqsədi professor-müəllim heyətinin, doktorant və magistrantların, eləcə də tələbələrin IMO-nun əsas fəaliyyət istiqamətlərini əhatə edən kurslar barədə məlumatlandırılmasıdır. Təlim proqramının ilk mövzusu “Dənizin neft məhsullarından çirklənməsinə qarşı hazırlıq, cavab tədbirləri və əməkdaşlıq üzrə giriş kursu” olub. Sessiya çərçivəsində iştirakçılara neft çirklənməsinə qarşı hazırlıq və cavab tədbirləri, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq mexanizmləri barədə fundamental biliklər təqdim olunub. Eyni zamanda, iştirakçılar IMO e-Learning platformasında təqdim olunan kursların məzmunu, əhatə dairəsi və praktiki əhəmiyyəti ilə tanış olublar.

Təlim müvafiq mövzu üzrə IMO sertifikatına malik Əlihüseyn Həziyev tərəfindən aparılıb. Maarifləndirici təlimdə Akademiyanın ixtisas kafedralarının əməkdaşları, peşəkar ingilis dili tədris edən müəllimlər, doktorantlar, magistrantlar və tələbələr iştirak ediblər.

Foto qalereya2

Reaksiyanızı bildirin