ADDA-da kargüzarlıq və rəsmi sənəd dövriyyəsi üzrə təlim keçirilib

10 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında əməkdaşlar üçün kargüzarlıq və rəsmi sənəd dövriyyəsinin təşkili mövzusunda təlim keçirilib. Təlimin məqsədi müasir idarəetmə sistemində sənədlərlə işin düzgün təşkili, rəsmi yazışma qaydalarına riayət olunması, həmçinin kargüzarlıq işinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılması olub.
Tədbiri açılış nitqi ilə Akademiyanın Tədrisin təşkili və idarəedilməsi üzrə prorektoru İradə Süleymanova açaraq sənəd dövriyyəsinin səmərəli təşkili, vətəndaş müraciətlərinə operativ cavab verilməsi və yazışma mədəniyyətinin inkişafının institusional fəaliyyət üçün vacibliyini qeyd edib.
Təlim Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin Sənədlərlə iş şöbəsinin müdiri Gülər Məmmədova tərəfindən keçirilib. O, kargüzarlığın təşkili, vətəndaş müraciətlərinin icrası, rəsmi yazışma qaydaları, arxiv işinin təşkili və s. barədə məlumat verib. Eyni zamanda “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunların tələbləri, müraciətlərin qeydiyyatı və icra müddətləri izah olunub. Müasir dövrdə rəqəmsallaşma proseslərinin genişlənməsi fonunda elektron sənəd dövriyyəsi sistemlərinin tətbiqi və informasiya təhlükəsizliyinin təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Təlim iştirakçıların fəal iştirakı ilə interaktiv mühitdə davam edib, əməkdaşlar sənəd dövriyyəsinin təşkili və rəsmi yazışma təcrübəsində rastlaşdıqları məsələlərlə bağlı sualları ünvanlayaraq mövzu ətrafında fikir mübadiləsi aparıblar.

