Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da “Məzun Günü” qeyd olunub

25 İyun 2026
ADDA-da “Məzun Günü” qeyd olunub

24 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 2025/2026-cı tədris ilinin məzunlarına həsr olunmuş “Məzun Günü” tədbiri keçirilib.

Tədbirdə ADDA-nın rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər.

Mərasim Akademiyanın yubiley videosunun nümayişi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də xidmət borclarını yerinə yetirərkən həyatlarını itirmiş dənizçilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə və Azərbaycanda dənizçilik təhsilinin tarixinə həsr olunmuş videoçarx, eləcə də məzunların tələbəlik illərini əks etdirən şəkillər nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev rəhbərlik etdiyi ilk “Məzun Günü” tədbiri olduğunu qeyd edib. O bildirib ki, builki məzunlar Azərbaycan dənizçilik təhsilinin 145 illiyi və ADDA-nın 30 illik yubileyi kimi əlamətdar bir dövrdə məzun olurlar. Eldar Qocayev məzunlara yüksək insani keyfiyyətlərə malik olmağı, vətənə sədaqətlə xidmət etməyi, ömürboyu öyrənmə prinsipinə sadiq qalmağı, Aakademiya ilə əlaqəni kəsməməyi, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etməyi arzulayıb.

Valideynlər adından çıxış edən Qafqaz İsmayılov ADDA rəhbərliyinə və professor-müəllim heyətinə tələbələrin yetişdirilməsinə verdikləri töhfəyə görə təşəkkür edib, məzunlara möhkəm can sağlığı və uğurlu karyera arzulayıb.

Fakültə dekanları Rafiq Əsgərov və Elnur Abbasov öz çıxışlarında məzunları və onların valideynlərini təbrik edərək məzunların hər zaman ADDA ailəsinin ayrılmaz üzvü olaraq qalacaqlarını qeyd edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Tədris proseslərinin təşkili şöbəsinin müdiri Əsədullah Süleymanov isə ADDA məzunlarının dünya sularında üzən gəmilərdə fəaliyyət göstərmək imkanlarına malik olduqlarını diqqətə çatdıraraq, onların Azərbaycanı hər zaman layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Məzunlar adından çıxış edən Novruzov Ziya, Əliyeva Aynur, İbadov Rafət, Musayev Fərrux və Sooryajith Sajeevan Akademiya rəhbərliyinə və müəllimlərinə minnətdarlıqlarını ifadə edərək, ADDA-da qazandıqları bilik, bacarıq və dostluqların gələcək həyatlarında mühüm rol oynayacağını bildiriblər. Onlar harada fəaliyyət göstərmələrindən asılı olmayaraq ölkəmizi layiqincə təmsil edəcəklərini vurğulayıb, məzun yoldaşlarına uğurlar arzulayıblar.

Tədbir çərçivəsində ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) əsasən ixtisasları üzrə ən yüksək nəticə göstərən 204MR qrupunun məzunu Novruzəli Əmirbəyov, 184M qrupunun məzunu Nihad İlyasov, 052İ qrupunun məzunu Rəsul İsgəndərov, 102A qrupunun məzunu Murad Ələsgərov, 092A qrupunun məzunu Fərrux Musayev, 072A qrupunun məzunu Daşqın Quliyev, 194M qrupunun məzunu Fuad Səbzalıyev və 364M qrupunun məzunu Fazil Dostiyevə ADDA rəhbərliyi tərəfindən “Fəxri Məzun” sertifikatları təltif olunub.

Tədbirin bədii hissəsində Azərbaycan və dünya musiqisindən nümunələr səsləndirilib. Məzunlar üçün müxtəlif intellektual və əyləncəli müsabiqələr, viktorinalar təşkil olunub, müəllim və tələbələrin iştirakı ilə maraqlı interaktiv proqramlar həyata keçirilib.

Tədbirin sonunda Tədrisin təşkili və idarə edilməsi üzrə prorektor İradə Süleymanova çıxış edərək məzunları təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.

“Məzun Günü” xatirə şəkillərinin çəkilməsi, simvolik açarın aşağı kurs tələbələrinə təqdim edilməsi, məzun zənginin səsləndirilməsi və məzunların ənənəvi olaraq papaqlarını göyə atması ilə başa çatıb.

"ADDA-da “Məzun Günü” qeyd olunub" teqi üzrə xəbərlər :

[https://youtu.be/3Z62D7HvRqA https://youtu.be/MQ\_h5qe5VI8](https://youtu.be/3Z62D7HvRqA https://youtu.be/MQ_h5qe5VI8)

Foto qalereya16

Reaksiyanızı bildirin
ADDA-da “Məzun Günü” qeyd olunub | ADDA