ADDA-da narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbir keçirilib

05 may 2026-cı il tarixində “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbirdə Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, Bakı şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı, Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Aqil Xudiyev və digər əməkdaşlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rektor vəzifəsini icra edən Eldar Qocayev narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin müasir dövrün ən təhlükəli problemlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə maarifləndirmə işinin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən Aqil Xudiyev “Narkotik əsrin bəlasıdır” mövzusunda danışaraq gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıb və narkotik vasitələrin istifadəsinin ağır nəticələri barədə ətraflı məlumat verib.
Bakı Şəhər Narkoloji Mərkəzinin sosioloqu Fidan Ataxanlı “Zərərli vərdişlərə yox deyək” mövzusunda çıxış edərək narkotik asılılığının insan həyatına təsiri və bu asılılıqdan xilas olmağın çətinlikləri barədə faktlarla çıxış edib.
Sonda çıxış edən Hikmət Qasımov narkomaniya probleminin həm ölkə, həm də qlobal səviyyədə aktuallığını vurğulayaraq statistik göstəricilər və mübarizə tədbirləri haqqında məlumat verib, bu istiqamətdə cəmiyyətin birgə fəaliyyətinin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində tələbələrin sualları cavablandırılıb və mövzu ilə bağlı videoçarx nümayiş olunub.

