Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da Novruz şənliyi keçirilib

18 Mart 2026
ADDA-da Novruz şənliyi keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 17 mart 2026-cı il tarixində Novruz bayramına həsr olunmuş şənlik təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev iştirakçıları Novruz və bütün İslam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib. O, bu bayramların xalqımızın zəngin milli-mənəvi irsini yaşatmaqla, həmrəylik, paylaşma və qarşılıqlı hörmət kimi dəyərləri gücləndirdiyini bildirib.

E.Qocayev həmçinin Akademiya tarixində ilk dəfə hazırlanmış himni təqdim edərək qeyd edib ki, himn 13 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçib. Sözlərinin müəllifi Azərbaycan Yazıçılar birliyinin üzvü, uzun müddət Xəzər Dəniz Gəmiçiliyinin “Dəniz” qəzetinin baş redaktoru işləmiş Rasif İmanoğluya və bəstəkar “Dəniz naviqasiyası” kafedrasının baş müəllimi Aydın Qafarova xüsusi təşəkkür ifadə olunduqdan sonra səsləndirilən himni Akademiya kollektivi gurultulu alqışlarla qarşıladı.

Tədbir çərçivəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdləri Novruz bayramına həsr olunmuş konsert proqramı təqdim ediblər. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, eləcə də milli rəqslər nümayiş etdirilib. Şagird və müəllimlərin birgə çıxışları tamaşaçılara xoş anlar yaşadıb, ifalar yüksək peşəkarlıqla təqdim olunaraq zalda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Tədbirin sonunda Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik edib, Akademiyada çıxış etməkdən məmnun olduqlarını və istedadlı şagirdlərlə qürur duyduğunu vurğulayıb. Daha sonra çıxış edən müəllim və şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Bayram tədbiri Akademiyanın həyətində tonqal ətrafında davam edib. İştirakçılar musiqi sədaları altında rəqs edərək Novruzun sevincini birlikdə bölüşüblər.

Foto qalereya9

Reaksiyanızı bildirin