ADDA-da orqan donorluğuna həsr olunmuş maarifləndirici seminar keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) professor-müəllim heyəti və tələbələr üçün “Donorluqla bəxş edilən həyat” mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbirin əsas məqsədi cəmiyyətdə orqan donorluğu haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi və bu humanist addıma məsuliyyətli yanaşmanın formalaşdırılması olmuşdur.
Seminarı giriş sözü ilə açan Akademiyanın Tədris təşkili və idarəedilməsi üzrə prorektoru İradə Süleymanova orqan donorluğunun müasir təbabətdəki yerindən və insan həyatının xilas edilməsindəki mühüm rolundan bəhs edib. Prorektor qeyd edib ki, bu cür tədbirlər gənc nəsildə sosial məsuliyyət hissinin güclənməsinə xidmət edir.
Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi PHŞ-nin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək, transplantasiya sahəsinin həm tibbi, həm də sosial əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb. O, cəmiyyətin bu həssas mövzuda düzgün məlumatlandırılmasının və maarifləndirmə işlərinin davamlı olmasının vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində Mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva “Donorluqla bəxş edilən həyat” adlı geniş təqdimatla çıxış edib. Təqdimatda orqan donorluğunun hüquqi bazası, donorluq prosesinin mərhələləri və bu sahədə həyata keçirilən dövlət layihələri barədə ətraflı məlumat verilib.
Seminarın ikinci hissəsi interaktiv diskussiya şəraitində keçib. Tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları mütəxəssislər tərəfindən cavablandırılıb. Sonda müzakirələrdə fəal iştirak edən tələbələrə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

