Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

ADDA-da süni intellektin gəmiçilikdə tətbiqi müzakirə olunub

12 May 2026
ADDA-da süni intellektin gəmiçilikdə tətbiqi müzakirə olunub

08 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) “Elm – təhsil – istehsalat” diskussiya klubunun növbəti görüşü keçirilib. Tədbir dənizçilik sahəsində süni intellektin (Sİ) tətbiqi perspektivlərinin müzakirəsi və akademiya ilə sənaye müəssisələri arasında təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə təşkil olunub.

Görüşü giriş sözü ilə açan ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev həmkar və tərəfdaş təşkilatlarla bu cür müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, diskussiya formatı həm praktiki, həm də pedaqoji təcrübə mübadiləsi baxımından mühüm rol oynayır.

Daha sonra professor Nizami İsmayılov “Süni intellektin gəmiçilik sahəsində tətbiqinin mümkünlüyü” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda ölkədə rəqəmsallaşma və innovasiya istiqamətində həyata keçirilən təşəbbüslər, eləcə də süni intellektin dəniz nəqliyyatında tətbiq imkanları və perspektivləri barədə ətraflı məlumat verilib.

Təqdimatdan sonra rektor Eldar Qocayev gəmilərin inşası, istismarı və idarəedilməsində Sİ-nin rolu, avtomatlaşdırılmış sistemlərin hüquqi qərarlar verə bilmə imkanları, dəniz hadisələrinin operativ tənzimlənməsi və "Yaşıl gəmiçilik"lə süni intellektin əlaqəsi kimi məsələlərə toxunub.

Diskussiyada iştirak edən Bakı Gəmiqayırma Zavodunun nümayəndəsi Hasib Talıbov “Xankəndi” gəmisində tətbiq olunan süni intellekt və avtomatika elementləri barədə məlumat verib. O, gələcək mütəxəssislərin praktiki bacarıqlara dərindən yiyələnməsinin vacibliyini vurğulayıb. “Zığ” Gəmi Təmiri Zavodunun nümayəndəsi Vüsal Məmmədov isə innovativ proqram təminatlarında yarana biləcək texniki riskləri diqqətə çatdıraraq, tələbələrin ənənəvi gəmiçilik biliklərini mükəmməl mənimsəmələrinin vacibliyini qeyd edib.

Müzakirələrə qoşulan akademiya əməkdaşları və mütəxəssislər – Elnur Abbasov, Akif İsmayılov, İsaq Xankişiyev və Vüqar Sadıqov da innovasiyaların tətbiqi ilə bağlı fikirlərini bölüşüblər. Tədbirə yekun vuran Eldar Qocayev süni intellektin gələcəkdə dənizçilik sahəsində tətbiqinin qaçılmaz olduğunu bildirərək, tələbələrin dünya standartlarına uyğun bilik və düşüncə səviyyəsinə malik mütəxəssislər kimi yetişdirilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

"ADDA-da süni intellektin gəmiçilikdə tətbiqi müzakirə olunub" teqi üzrə xəbərlər :

hthttps://www.xezernews.az/az/adda-da-suni-intellektin-gemicilikde-tetbiqi-muzakire-olunubtps://www.xezernews.az/az/adda-da-suni-intellektin-gemicilikde-tetbiqi-muzakire-olunub

Reaksiyanızı bildirin