Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər
Xəbər

ADDA nümayəndə heyəti İstanbul Texniki Universitetində və Türk Boğazları Dənizçilik Uygulama və Araşdırma Mərkəzində işgüzar görüşlər keçirib

24 May 2026
ADDA nümayəndə heyəti İstanbul Texniki Universitetində və Türk Boğazları Dənizçilik Uygulama və Araşdırma Mərkəzində işgüzar görüşlər keçirib

20 may 2026-cı il tarixində Türkiyə Respublikasına həyata keçirilən işgüzar səfər çərçivəsində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndə heyəti İstanbul Teknik Üniversitesinin (İTÜ) Dənizçilik Fakültəsində və universitetin nəzdində fəaliyyət göstərən Türk Boğazları Denizcilik Uygulama ve Araştırma Merkezində silsilə görüşlər keçirib.

ADDA nümayəndə heyətinə Gəmi sürücülüyü fakültəsinin dekanı Elnur Abbasov rəhbərlik edib. Nümayəndə heyətində həmçinin Gəmiqayırma və gəmi təmiri kafedrasının müdiri İsaq Xankişiyev, Gəmi elektroavtomatikası kafedrasının müdiri Elşən Sultanov və Akademiyanın digər rəhbər şəxsləri iştirak ediblər.

İlk görüş İTÜ-nün Dənizçilik Fakültəsində baş tutub. Qonaqları Fakültənin dekan müavinləri Veysi Başhan və Pelin Bolat salamladıqdan sonra tərəflər arasında səmimi dialoq başlayıb.

Görüş zamanı çıxış edən Elnur Abbasov Azərbaycanda dənizçilik təhsilinin və ADDA-nın tarixindən, Dəniz naviqasiyası mühəndisliyi, Gəmi energetik qurğularının istismarı mühəndisliyi, Gəmiqayırma və gəmi təmiri mühəndisliyi və Elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə üzrə təhsilin hər üç səviyyəsində mütəxəssis hazırlığının həyata keçirildiyini bildirib. O, ADDA-da tədrisin Azərbaycan, ingilis və rus dillərində təşkil olunduğunu vurğulayaraq xüsusilə ingilis bölməsinin genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb. Tərəflər arasında müəllim-tələbə mübadiləsi, magistratura və doktorantura səviyyəsində birgə elmi rəhbərlik, ortaq tədqiqat mövzuları, rəqəmsallaşma və müasir təhsil metodologiyaları üzrə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Çıxış edən Veysi Başhan isə İTÜ Dənizçilik Fakültəsinin Türkiyədə dəniz nəqliyyatı və gəmi maşınları mühəndisliyi sahəsində ən yüksək reytinqli fakültələrdən biri olduğunu bildirib. O qeyd edib ki, gəmi maşınları mühəndisliyi proqramı ABŞ-ın ABET akkreditasiyasına malikdir və fakültədə keyfiyyət yönümlü təhsil strategiyası tətbiq olunur.

Daha sonra çıxış edən Pelin Bolat universitetin beynəlxalq əməkdaşlıq strategiyası, Çin və ASEAN ölkələri ilə tərəfdaşlıqlar, birgə laboratoriyaların yaradılması və “co-creation” əsaslı elmi-tədqiqat modeli barədə geniş məlumat verib. O bildirib ki, magistratura və doktorantura səviyyəsində ortaq elmi rəhbərliklər əməkdaşlığın ən sürətli və effektiv başlanğıc nöqtələrindən biri hesab olunur.

Görüş zamanı kibertəhlükəsizlik, yaşıl enerji, alternativ yanacaq texnologiyaları, gəmi emissiyalarının azaldılması, bərpa olunan enerji inteqrasiyası və dənizçilikdə innovativ AR-GE istiqamətləri üzrə əməkdaşlıq perspektivləri də müzakirə olunub.

İsaq Xankişiyev çıxışı zamanı ADDA-nın elmi jurnalının redaksiya heyətinin yenidən formalaşdırıldığını bildirərək İTÜ professorlarının həmin heyətdə təmsil olunmasının Akademiya üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Görüş daha sonra konfrans zalında davam etdirilib. Pelin Bolat tərəfindən İTÜ və Dənizçilik Fakültəsinin fəaliyyəti barədə geniş təqdimat keçirilib. Təqdimatda universitetin tarixi, tədrisin və təcrübənin təşkili, hazırlıq sistemi, elmi-tədqiqat istiqamətləri, simulyator otaqları, laboratoriyalar, təlim hovuzu, Davamlı Təlim Mərkəzi və beynəlxalq əməkdaşlıq fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tərəflər arasında məzun assosiasiyalarının fəaliyyəti, universitet-sənaye əməkdaşlığı, ikili diplom proqramlarının yaradılması prosedurları və Türkiyə vətəndaşı olan tələbələrin Azərbaycanda təhsil aldıqları müddətdə dənizçi sənədləşməsi ilə bağlı məsələlər də geniş müzakirə olunub.

Görüş çərçivəsində ADDA-nın təqdimat videoçarxı nümayiş etdirilib və universitet nümayəndələrinin Akademiya ilə bağlı sualları cavablandırılıb.

Elə həmin gün ADDA nümayəndə heyəti Türk Boğazları Denizcilik Uygulama ve Araştırma Merkezində də görüş keçirib. Nümayəndə heyətini mərkəzin direktoru Fırat Bolat və direktor müavini Arda Özkan qarşılayıblar.

Görüş zamanı mərkəzin yaranma tarixi, fəaliyyət istiqamətləri və gələcək inkişaf strategiyasına dair təqdimat keçirilib. Bildirilib ki, mərkəz 2019-cu ildə yaradılıb və əsas məqsədi Türk boğazları sahəsində elmi araşdırmalar üzrə liderliyin, dəniz təhlükəsizliyi və ətraf mühitin qorunması istiqamətində akademik və praktik fəaliyyətlərin gücləndirilməsidir.

Təqdimatda Q1 və Q2 indeksli elmi nəşrlərin artırılması, dənizçilik siyasəti üzrə elmi tövsiyələrin hazırlanması, IMO platformalarında birgə fəaliyyət, gəmi trafiki xidmətləri və naviqasiya təhlükəsizliyi üzrə təlimlərin təşkili, eləcə də dəniz hüququ və dəniz təhlükəsizliyi istiqamətlərində multidissiplinar əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Elnur Abbasov çıxışında ADDA-nın mərkəzin fəaliyyəti ilə yaxından maraqlandığını bildirərək tərəflər arasında ortaq elmi məqalələrin hazırlanması, seminar və onlayn təlimlərin təşkili, magistrantlar üçün birgə elmi rəhbərlik mexanizmlərinin yaradılması istiqamətində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Fırat Bolat isə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə əməkdaşlığa açıq olduqlarını bildirərək birgə elmi fəaliyyətlərin və akademik təşəbbüslərin hər zaman dəstəklənəcəyini qeyd edib.

Görüşlərin sonunda tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb və gələcək birgə fəaliyyət istiqamətləri üzrə ilkin razılıqlar əldə olunub.

Foto qalereya4

Reaksiyanızı bildirin