ADDA nümayəndə heyəti Lənkəranda abituriyentlərlə görüşüb

Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılmasının 30 və Azərbaycanda dənizçilik təhsilinin 145 illik yubileyləri çərçivəsində Akademiyanın nümayəndə heyəti tərəfindən Teymur bəy Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib.
Tədbirdə Lənkəran şəhərinin 2 və 3 nömrəli məktəblərinin, Sütəmurdov və Digah kənd tam orta məktəblərinin, eləcə də Humanitar fənlər təmayüllü gimnaziyanın yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan məktəbin direktoru Gülnarə Seyfullayeva qonaqları salamlayaraq dənizçilik təhsilinin gənclər üçün yaratdığı perspektivlərdən danışıb.
Tədbirdə çıxış edən Gəmi mexanikası və elektromexanikası fakültəsinin dekanı Rafiq Əsgərov Azərbaycanda dənizçilik təhsilinin 145 illik tarixi ənənələrindən, ADDA-nın beynəlxalq standartlara uyğun tədris imkanları barədə ətraflı məlumat verib.
Gəmi elektroavtomatikası kafedrasının müdiri Elşən Sultanov çıxışında dənizçilik peşəsinin qlobal əmək bazarındakı üstünlüklərini vurğulayaraq, ADDA məzunlarının beynəlxalq sertifikatlar əldə etməklə dünyanın müxtəlif ölkələrinin gəmiçilik şirkətlərində fəaliyyət göstərmək imkanlarına malik olduqlarını bildirib.
Daha sonra Elmi katib Almaz İmanova tərəfindən Akademiyanın müasir maddi-texniki bazası, simulyatorları, tələbələrin təcrübə proqramları və sosial imkanları barədə təqdimat keçirilib.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran qəbul qaydaları, keçid balları, ixtisas seçimi və yataqxana imkanları ilə bağlı suallar ətraflı cavablandırılıb. Görüşün sonunda iştirakçılara ADDA haqqında məlumatlandırıcı bukletlər təqdim olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Lənkəran Dövlət Universitetində də olub. Universitetin rektoru Natiq İbrahimov ilə keçirilən görüşdə ali təhsil müəssisələrində tədrisin təşkili və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

