Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər
Xəbər

ADDA nümayəndə heyəti Piri Reis Universitetində səfərdə olub

22 May 2026
ADDA nümayəndə heyəti Piri Reis Universitetində səfərdə olub

Türkiyə Respublikasında həyata keçirilən işgüzar səfər çərçivəsində 18 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndə heyəti Piri Reis Üniversitesində (PRU) olmuşdur.

Eldar Qocayevin rəhbərlik etdiyi ADDA nümayəndə heyətini PRU rektoru Nafiz Arıca və universitetin rəhbər heyəti qarşılamış və geniş tərkibli rəsmi görüş keçirilmişdir.

Görüşü giriş nitqi ilə açan Nafiz Arıca ADDA nümayəndə heyətini salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu ifadə etmiş və hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini bildirmişdir. O qeyd etmişdir ki, universitetlərin potensiallarının birləşdirilməsi nəticəsində daha güclü akademik göstəricilərin əldə olunacağına və əməkdaşlığın konkret və dayanıqlı nəticələr verəcəyinə dair böyük ümidlər bəsləyir. Eyni zamanda əsas məqsədin yalnız memorandum imzalanması deyil, dayanıqlı və praktik əməkdaşlıq mexanizmlərinin qurulmasının önəmini vurğulamışdır.

Ardınca Nafiz Arıca universitetin yaranma tarixi, inkişaf mərhələləri və müasir təhsil modeli barədə geniş təqdimatla çıxış etmişdir. O, universitetin “işə yönəlik təhsil” fəlsəfəsi əsasında fəaliyyət göstərdiyini, xüsusilə “iş yerində peşəkar təlim” modelinin tətbiqinə başlanıldığını qeyd etmişdir. Həmçinin 51 maddəlik süni intellekt strategiyasının hazırlanması və bunun təhsil-sənaye inteqrasiyasına verəcəyi töhfələr barədə məlumat verilmişdir.

Daha sonra çıxış edən Eldar Qocayev Azərbaycan Dövlət Dəniz Akademiyasının tarixi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılması, Xəzər hövzəsi ölkələri üçün dənizçi kadrların hazırlanmasındakı rolu və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat vermişdir. O, Piri Reis Universiteti ilə əməkdaşlıq çərçivəsində tələbə-müəllim mübadiləsi, ikili diplom proqramları, ortaq elmi-tədqiqat layihələri, magistrant və doktorantlar üçün birgə elmi rəhbərlik imkanları və rəqəmsal təhsil həllərinin prioritet istiqamətlər olduğunu vurğulamışdır.

Görüş zamanı Piri Reis Universiteti barədə geniş təqdimat nümayiş etdirilmişdir. Bildirilmişdir ki, universitet Türkiyədə ən yüksək tədqiqat büdcəsinə malik ali təhsil müəssisələrindən biridir. Eyni zamanda, elmi istinad göstəricilərinə görə ölkə üzrə ikinci, beynəlmiləlləşmə göstəricisinə görə isə dördüncü yerdə qərarlaşmışdır. N.Arıca WoS indeksli nəşrlərin sayının son bir ildə 126-dan 193-ə yüksəldiyini də diqqətə çatdırmışdır.

Universitetin prorektorları Prof. Dr. H. Funda Yercan və Prof. Dr. M. Ziya Söğüt çıxış edərək Xəzər regionunda enerji, dənizçilik və birgə elmi tədqiqatlar və nəşrlər sahəsində əməkdaşlıq imkanlarını vurğulamış, həmçinin davamlılıq üzrə rüblük bülletenlərin hazırlanması və bu istiqamətdə ortaq fəaliyyətlərin həyata keçirilməsinin mümkünlüyünü bildirmişlər.

Daha sonra hər iki universitetə dair videoçarxlar nümayiş olunmuşdur.

Rəsmi görüşün ardından PRU rəhbərliyi ADDA heyətini PRU-nun Dənizçilik Muzeyi, amfiteatrı, 756 nəfərlik konfrans zalı, müasir simulyator otaqları, kitabxanası və təlim hovuzu ilə tanış etmiş və görüşün xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.

"ADDA nümayəndə heyəti Piri Reis Universitetində səfərdə olub" teqi üzrə xəbərlər : https://pirireis.edu.tr/haberler/azerbaycan-devlet-deniz-akademisi-heyeti-piri-reis-universitesini-ziyaret-etti/

https://www.xezernews.az/az/adda-numayende-heyeti-piri-reis-universitetinde-olub ;

https://demokrat.az/az/news/281859/adda-numayende-heyeti-piri-reis-universitetinde-olub-fotolar

Foto qalereya8

Reaksiyanızı bildirin