Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər
Xəbər

ADDA nümayəndə heyəti Yıldız Texnik Universitetində işgüzar görüş keçirib

24 May 2026
ADDA nümayəndə heyəti Yıldız Texnik Universitetində işgüzar görüş keçirib

21 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) nümayəndə heyətinin Türkiyə universitetlərinə silsilə xarakterli görüşləri davam etdirilmişdir. Bu çərçivədə növbəti görüş Yıldız Teknik Üniversitesində (YTÜ) baş tutmuşdur. Görüş Yıldız Teknik Üniversitesinin Görüş Yıldız Teknik Üniversitesinin Gəmi İnşaatı və Dənizçilik Fakültəsinin Osmanlı dövrünə aid tarixi binasında səmimi və konstruktiv mühitdə başlamışdır.

YTÜ tərəfindən görüşdə universitetin rektoru Eyüp Debik, Təhsil və tədris üzrə prorektoru, rektorun müşaviri, fakültə dekanı və kafedra müdirləri iştirak etmişlər.

Hər iki təhsil ocağının rəhbərləri nümayəndə heyətlərini təqdim etdikdən sonra çıxış edən Eyüp Debik universitetlər arasında qurulan əməkdaşlığın yalnız atılan imzalarla məhdudlaşmamalı olduğunu, bu tərəfdaşlığın hər iki ali təhsil müəssisəsinin inkişafına real töhfələr verməsinin vacibliyini vurğulamışdır.

ADDA-nın rektorəvəzi Eldar Qocayev həmkarının fikirlərini dəstəkləyərək əməkdaşlığın xüsusilə müəllim-tələbə mübadiləsi, seminarların, konfransların keçirilməsi, yay və qış məktəblərinin təşkili, birgə elmi-tədqiqat layihələri istiqamətində sürətli şəkildə fəaliyyətə başlamağın vacibliyini qeyd etmişdir. O, qeyd olunan sahələr üzrə ADDA-da güclü akademik və elmi potensialın mövcud olduğunu, bu potensialın YTÜ təcrübəsi ilə birləşdirilməsi nəticəsində mühüm nəticələrin əldə edilə biləcəyini diqqətə çatdırmışdır. Eyüp Debik isə universitet nəzdində fəaliyyət göstərən müasir texnoparkların və güclü layihə komandalarının bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Tərəflər arasında əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən qarşılıqlı anlaşma memorandumu imzalandıqdan sonra nümayəndə heyəti Gəmi İnşaatı və Dənizçilik Fakültəsinin kampusunda tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Eldar Qocayev tələbə və müəllimlərlə səmimi söhbətlər aparmış, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Daha sonra fakültənin konfrans zalında keçirilən təqdimat sessiyasında Eldar Qocayev Akademiyanın yaranma tarixi, tədrisin təşkili, ixtisasları, kampusları, Təlim-Tədris Mərkəzi, Azərbaycan Dənizçilik Kolleci və tədris və elmi bazası barədə geniş məlumat vermişdir. Təqdimat zamanı onlayn və hibrid təhsil modelləri, məzunların karyera imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparılmışdır.

Yıldız Texnoparkın İdarə Heyətinin üzvü Hüseyin Yılmaz memorandum çərçivəsində görüləcək işlərdən danışaraq YTÜ professor-müəllim heyətinin ADDA-da 3 aylıq tədris fəaliyyətinə cəlb olunmasının, magistrant və doktorantlara ortaq elmi rəhbərliklərin verilməsinin və birgə elmi məqalələrin hazırlanmasının qısa müddətdə reallaşdırıla biləcəyini qeyd etmişdir. O, bu istiqamətdə müvafiq kafedra müdirlərinə həmkarları ilə birbaşa fəaliyyətə başlamağı tövsiyə etmişdir.

Müzakirələr daha sonra kafedralar arasında elmi əməkdaşlıq və birgə layihə imkanları ətrafında davam etmişdir. Gəmi İnşaatı və Gəmi Mühəndisliyi kafedrasının müdiri Muhsin Aydın universitetin “Seatific” elmi jurnalı barədə məlumat verərək ADDA professor-müəllim heyətinin həmin jurnalda məqalələrinin nəşrinə hər cür dəstək göstəriləcəyini bildirmiş, onun ADDA-dan olan həmkarı İsaq Xankişiyev isə Akademiyanın “Elmi əsərlər” jurnalının redaksiya heyətinin yenidən formalaşdırıldığını qeyd edərək YTÜ professorlarını həmin heyətdə görməkdən məmnun olacaqlarını vurğulamışdır.

Görüş zamanı Hüseyin Yılmaz 2011, 2014, 2018 və 2023-cü illərdə keçirilmiş Beynəlxalq Gəmi İnşaatı və Dənizçilik Simpoziumu barədə məlumat verərək növbəti simpoziumun 2027-ci ildə keçirilməsinin planlaşdırıldığını bildirib. Buna cavab olaraq Eldar Qocayev “5th International Naval Architecture and Maritime Symposium”a ev sahibliyi etməkdən qürur duyacaqlarını qeyd etmişdir. Bu təklif tərəflər arasında böyük məmnunluqla qarşılanmışdır.

Səfərin sonunda ADDA nümayəndə heyəti Gəmi İnşaatı və Dənizçilik Fakültəsinin araşdırma mərkəzləri, müasir simulyator otaqları, ilkin istehsalat emalatxanası, Hesablamalı Axınlar Dinamikası Laboratoriyası və digər tədris-tədqiqat infrastrukturu ilə tanış olmuşlar.

Foto qalereya7

Reaksiyanızı bildirin