ADDA rəhbər heyətinə Mülki Müdafiə üzrə məşq keçirilib

06 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsin müvafiq Nizamnaməsi və 2026-cı il üçün Mülki müdafiə tədbirləri Planına uyğun olaraq Rəhbər heyətin Mülki Müdafiə üzrə məşqi təşkil olunub.
Tədbirdə Səbail rayonu üzrə Fövqəladə hallar və Mülki Müdafiə şöbəsinin rəisi və əməkdaşları, eləcə də Akademiyanın rəhbər və komandir-rəis heyətindən 15 nəfər iştirak edib.
Məşqin əsas məqsədi Akademiyanın Mülki Müdafiə tədbirlər planının effektivliyini yoxlamaq, rabitə və xəbərdarlıq sisteminin vəziyyətini qiymətləndirmək, həmçinin rəhbər heyətə fövqəladə hallarda toplanış və xəbərdarlıq üzrə bilik və vərdişləri aşılamaq, funksional vəzifələrinin öyrənilməsini təmin etmək olub.
Təlim zamanı Akademiyanın rabitə və xəbərdarlıq sistemi yoxlanılıb, fövqəladə hallarda şəxsi heyətin fəaliyyəti qiymətləndirilib, xilasetmə və ilk tibbi yardım bacarıqları sorğu-sual üsulu ilə sınanıb, Mülki müdafiə üzrə yeni əmrlərlə tanışlıq təmin olunub və FHN-in fəaliyyəti video nümayiş vasitəsilə təqdim edilib.
Rəhbər heyətin Mülki Müdafiə üzrə məşqi uğurla başa çatıb və Akademiyanın fövqəladə hallara hazırlıq səviyyəsi qənaətbəxş hesab edilib.

