ADDA tələbəsi Afinada beynəlxalq turnirin qalibi oldu

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi İbrahimov Yusif Eldar oğlu Yunanıstanın paytaxtı Afinada Uşu Sanda üzrə keçirilən "International Acropolis Wushu Tournament" beynəlxalq turnirdə parlaq çıxış edərək çempionluq zirvəsinə yüksəlib.
Dünyanın müxtəlif ölkələrindən ən güclü idmançıların qatıldığı yarışda 18+ yaş kateqoriyasında və 65 kq çəki dərəcəsində mübarizə aparan tələbəmiz, yüksək fiziki hazırlığı və sarsılmaz döyüş əzmi ilə rəqiblərini geridə qoymağı bacarıb.
Turnirin ilk qarşılaşmasında İtaliya təmsilçisini 4-1 hesabı ilə məğlub edərək inamla finala adlayan Yusif, həlledici görüşdə ev sahibi olan yunanıstanlı rəqibinə 5-0 hesabı ilə heç bir şans tanımayaraq qızıl medala sahib olub.
Bu möhtəşəm qələbə sayəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Yusif İbrahimov Azərbaycan bayrağını beynəlxalq idman arenasında qürurla dalğalandırıb. Qeyd edək ki, Y.İbrahimov ölkə miqyaslı yarışlarda Respublika dərəcəli hakim kimi də fəaliyyət göstərir.
Tələbəmizin peşəkar idmanda qazandığı bu uğur ölkəmizin idman sahəsindəki artan nüfuzunun və ADDA-nın yetişdirdiyi gənclərin hər tərəfli inkişafının növbəti bariz nümunəsidir.
Akademiyamızın kollektivi adından çempion tələbəmizi bu tarixi nailiyyəti münasibətilə ürəkdən təbrik edir, ona gələcək idman yarışlarında və təhsilində yeni uğurlar arzulayırıq.

