ADDA və ASA Tələbə Elmi Cəmiyyətləri arasında əməkdaşlıq

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Azərbaycan İdman Akademiyasının (ASA) gənc tədqiqatçıları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə ADDA-nın Tələbə Elmi Cəmiyyətinin (TEC) nümayəndə heyəti Azərbaycan İdman Akademiyasına səfər edib. Görüşün əsas məqsədi tələbələrin elmi potensialının artırılması və ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin gücləndirilməsi olub.
ADDA TEC sədri Ruslan Əlicanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, müasir dövrdə elmlərarası əməkdaşlıq tələbələrin həm akademik, həm də sosial inkişafında mühüm rol oynayır.
Müzakirələr zamanı birgə elmi konfrans və seminarların təşkili, dənizçilik və idman sahələrində innovativ layihələrin həyata keçirilməsi, həmçinin Tələbə Elmi Cəmiyyətlərinin idarəedilməsi və tələbələrin elmi fəaliyyətə stimullaşdırılması istiqamətində razılıq əldə olunub.
Rəsmi hissədən sonra ADDA nümayəndə heyəti ASA-nın müasir standartlara cavab verən kampusu, zəngin kitabxana fondu və yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş laboratoriyaları ilə tanış olub. Mövcud infrastrukturun birgə layihələrin həyata keçirilməsi üçün əlverişli imkanlar yaratdığı qeyd edilib.
Görüşün sonunda çıxış edən Ruslan Əlicanov vurğuladı ki, bu səfər tələbələrin elmi dünyagörüşünü genişləndirmək və yeni ideyaların formalaşmasını təmin etmək baxımından bu cür təşəbbüslərin davamlı həyata keçirilməsi vacibdir.

