Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər
Xəbər

ADDA və Türk Loydu əməkdaşlıq imkanlarını müzakirə edib

24 May 2026
ADDA və Türk Loydu əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Dövlət Dəniz Akademiyası nümayəndə heyəti Türkiyə Respublikasına həyata keçirilən işgüzar səfər çərçivəsində Türk Loydunun nümayəndələri ilə görüş keçirib.

21 may 2026-cı il tarixində baş tutan görüş zamanı hər iki tərəfin fəaliyyət istiqamətləri barədə geniş təqdimatlar edilib, gələcək əməkdaşlıq imkanları və birgə layihələrin perspektivləri ətraflı müzakirə olunub.

Görüş çərçivəsində dənizçilik təhsilinin inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması və sənaye-universitet əməkdaşlığının gücləndirilməsi məqsədilə strateji tərəfdaşlıq məsələlərinə toxunulub. Müzakirələrin əsas istiqamətləri sırasında elmi-tədqiqat və innovasiya layihələrində birgə iştirak, beynəlxalq qrant proqramları üzrə əməkdaşlıq, ixtisaslaşmış təlim proqramlarının təşkili, ADDA tələbələri üçün təcrübə imkanlarının yaradılması və qarşılıqlı akademik təcrübə mübadiləsinin aparılması yer alıb.

Tərəflər xüsusilə dənizçilik sahəsində müasir texnologiyaların tətbiqi, beynəlxalq sertifikatlaşdırma prosesləri, sənaye yönümlü təhsil modelinin inkişafı və praktiki bacarıqların artırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Görüş zamanı Türk Loydunda ADDA tələbələrinin istehsalat və təcrübə proqramlarına cəlb olunması, eləcə də birgə seminar, təlim və elmi tədbirlərin təşkili məsələləri də müzakirə edilib.

Səmərəli müzakirələrin nəticəsi olaraq, tərəflər arasında ilkin razılıq əldə olunan istiqamətləri özündə əks etdirən qarşılıqlı anlaşma memorandumunun layihəsi hazırlanıb. Sənədin yaxın günlərdə hər iki qurumun rəhbərləri tərəfindən rəsmi şəkildə imzalanması nəzərdə tutulur.

Qeyd olunub ki, bu əməkdaşlıq Azərbaycan Dövlət Dəniz Akademiyası tələbələri üçün beynəlxalq praktiki təcrübə imkanlarının genişlənməsinə, eləcə də regionda dənizçilik təhsili və elmi-tədqiqat fəaliyyətinin inkişafına mühüm töhfə verəcək.

Foto qalereya4

Reaksiyanızı bildirin