Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Alimlərimiz Almaniyada elmi ezamiyyətdə

13 Noyabr 2025
Alimlərimiz Almaniyada elmi ezamiyyətdə

3-7 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasının müdiri, dosent İsaq Xankişiyev və kafedranın professoru Nizami Yusubov Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant No. AEF-MGC-2024-2(50)-16/01/1-M-01) çərçivəsində Almaniyanın Brandenburq Texniki Universitetində elmi ezamiyyətdə olublar.

Birgə elmi tədqiqatların daha da dərinləşdirilməsi, əldə olunan nəticələrin müzakirəsi, praktiki təcrübələrin aparılması və aparılan tədqiqatların yüksək reytinqli elmi jurnallarda birgə dərc olunması məqsədi daşıyan elmi ezamiyyət çərçivəsində Brandenburq Texniki Universitetinin prezidenti, professor Gesine Grande, kafedra müdiri professor Sylvio Simon və universitetin digər əməkdaşları ilə görüşlər keçirilib. Görüşlər zamanı qrant layihəsi üzrə görülən işlərin gedişi, əldə olunan nəticələr və gələcək tədqiqat istiqamətləri müzakirə olunub. Professor Sylvio Simonun təşəbbüsü ilə “Deutsche Bahn Nəqliyyat Vasitələrinin Təmiri” MMC-yə texniki tur təşkil edilib və universitet laboratoriyalarında ilkin eksperimental tədqiqatlar həyata keçirilib.

Noyabrın 5-də ADDA əməkdaşları Brandenburq Texniki Universitetində keçirilən “Network for Energy Supply and Energy Efficiency (NESEFF): Enerji təchizatı və enerji səmərəliliyi şəbəkəsinin 10 illiyi” adlı beynəlxalq konfransda iştirak ediblər. Konfrans çərçivəsində təqdim olunan elmi məruzələrdən sonra iştirakçılar Almaniya Hava və Kosmik Araşdırmalar Mərkəzinə səfər edərək görülən işlərlə tanış olublar.

Noyabrın 6-da əməkdaşlarımız Brandenburq Texniki Universitetində professor Nizami Yusubov və professor Sylvio Simonun elmi rəhbərliyi altında təhsil alan doktorant İlqar Abbasovun dissertasiya işinin müdafiəsində iştirak ediblər.

Hazırda qrant layihəsi çərçivəsində Brandenburq Texniki Universitetində tədqiqatlar uğurla davam etdirilir. Qeyd olunan beynəlxalq əməkdaşlıq layihənin elmi və akademik reytinqinin yüksəldilməsinə və birgə elmi məqalələrin nəşrinə mühüm töhfə verəcəkdir.

Foto qalereya7

Reaksiyanızı bildirin