Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) TələbəPlus-a qoşulub

24 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazırliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqaviləsi imzalanıb. İlkin əməkdaşlıq sahəsi olaraq “TƏLƏBƏ PLUS “ layihəsi nəzərdə tutulub.
Baş tutan imzalama mərasimində ADDA ilə TİF-in rəhbərliyi və nümayəndələri, həmçinin Kapital Bank-ın təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev Akademiya haqqında ətraflı məlumat verərək, onun ölkənin dəniz təhsili sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olduğunu, beynəlxalq əməkdaşlıqların və müasir tədris infrastrukturunun davamlı şəkildə inkişaf etdirildiyini diqqətə çatdırıb.
Daha sonra o, Təhsilin İnkişafı Fonduna, Kapital Bank-a və Visa şirkətinə təşəkkürünü bildirib. Qeyd edib ki, vahid tələbə kartlarının istifadəyə verilməsi ali təhsil müəssisəsində idarəetmə proseslərinin təkmilləşdirilməsinə, tələbələrin akademik və sosial imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli Fondun fəaliyyət istiqamətləri, mövcud və potensial layihələr haqqında geniş məlumat vermişdir. Bu layihələrin ən böyüklərindən biri kimi Tələbə Plus kartının tələbələrə geniş üstünlüklər verəcəyini bildirib. Kart istifadəçiləri alış-veriş mərkəzləri, müxtəlif iaşə obyektləri, muzeylər, kitab mağazaları, idman kompleksləri, müxtəlif klinikalarda xüsusi güzəştlərdən yararlana biləcəklər.
Fondun nümayəndəsi Aysel Məhərrəmova TələbəPlus kartı barədə təqdimatla çıxış edərək vahid tələbə kartının üstünlükləri, tələbələr üçün nəzərdə tutulan güzəştlər və funksionallıqları haqqında ətraflı məlumat verib.
Müzakirələrdən sonra tərəflər “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsini imzalayıblar. Layihənin ADDA-da tətbiqi tələbələr üçün vahid kart sisteminin formalaşdırılmasına və onların gündəlik həyatında əlavə üstünlüklərin yaradılmasına xidmət edəcək.

