Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında əməkdaşlıq imkanları müzakirə olunub

23 Dekabr 2025
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) arasında əməkdaşlıq imkanları müzakirə olunub

Dekabrın 23-də Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Ofisinin rəhbəri Huang Sulim arasında görüş keçirilib. Görüş zamanı tərəflər təhsil sahəsində, xüsusilə ali təhsilin rəqəmsallaşdırılması və insan resurslarının inkişafı istiqamətində mümkün əməkdaşlıq imkanları üzrə geniş fikir mübadiləsi aparıblar.

Müzakirələr əsasən təhsil keyfiyyətinin artırılması, professor-müəllim heyətinin peşəkar inkişafı, akademik mübadilə və istehsalat təcrübəsi imkanlarının genişləndirilməsi məsələlərini əhatə edib. Bununla yanaşı, KOICA xətti ilə regional və beynəlxalq pilot layihələrin reallaşdırılması, xüsusilə Qafqaz regionunda dənizçilik təhsili və insan resurslarının inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunub.

Görüşdə rəqəmsal və texnoloji inkişaf məsələlərinə xüsusi diqqət yetirilib. Elektron təhsil imkanlarının genişləndirilməsi, rəqəmsal bacarıqlar və İKT üzrə təlimlərin təşkili, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, habelə tədris laboratoriyalarının, simulyatorların və texniki infrastrukturun modernləşdirilməsi istiqamətində KOICA ilə əməkdaşlıq perspektivləri vurğulanıb.

Tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb və növbəti mərhələdə konkret fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi barədə razılığa gəliblər.

Foto qalereya4

Reaksiyanızı bildirin