Azərbaycan Dövlət Dəniz Akademiyasında 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla start götürmüşdür

ADDA-da 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası artıq dörd gündür uğurla davam edir. İmtahanlar Akademiyanın hər iki tədris binasında təşkil olunub.
İmtahan sessiyasında Akademiyanın bakalavriat, magistratura və təkrar ali təhsil səviyyələrində təhsil alan tələbələrin müxtəlif ixtisaslar üzrə qazandıqları biliklər qiymətləndirilir. Tələbələrin nəzəri hazırlığını və peşə sahəsindəki praktik bacarıqlarını naviqasiya və maşın-qazan trenajorlarda, layihə proqramlarında, laboratoriyalarda, naviqasiya çəkilişi və gəmi energetik qurğuları üzrə ixtisaslaşdırılmış auditoriyalarda hərtərəfli yoxlamaq üçün hər cür şərait yaradılmışdır.
2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının keçiriməsi qaydalarına bir sıra aşağıdakı yeniliklər tətbiq edilib:
- İmtahanların təşkil olunduğu bütün auditoriyalarda nəzarət kameraları quraşdırılıb və mərkəzləşdirilmiş müşaidə qərargahı ilə əlaqələndirilib;
- Video və audio nəzarət zamanı şübhəli hallar yarandıqda operativ müdaxilə üçün Appelyasiya Komissiyasına səlahiyyətləri verilib;
- Rəqəmsal sistemə kənar müdaxilələrin qeyd olunması və qarşısının alınması üzrə mexanizmlər işlənib hazırlanıb;
- Test imtahanlarında tələbələrə proses müddəti ərzində cavab variantı seçimini dəyişmək imkanı yaradılıb;
- Test imtahanları başa çatdığı andan tələbələrə cavab variantlarının və nəticələrin analizini aparmaq imkanı yaradılıb;
- Şifahi imtahanların keçirilməsi zamanı həm video, həm də audio qeydiyyat aparılması təmin olunub.
Bu yeniliklər imtahan prosesinin şəffaflığını, obyektivliyini və effektivliyini artırmaq, həmçinin tələbələrin biliklərinin düzgün və hərtərəfli qiymətləndirilməsini təmin etmək məqsədini daşıyır.
İmtahanlar “Elektron akademiya” platformasının imkanlarından geniş istifadə etməklə yazılı, şifahi, test və sistemdaxili yazılı formalarda aparılır. Bu yanaşma isə tələbələrin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının hərtərəfli qiymətləndirilməsinə imkan verir.
Payız semestrinin imtahan sessiyası 1 fevral 2026-cı il tarixinədək davam edəcək.
Akademiya rəhbərliyi, inzibati və professor-müəllim heyəti imtahanların rahat, obyektiv və şəffaf keçirilməsi üçün bütün mümkün təşkilati və texniki tədbirləri görür və prosesin gedişatını operativ rejimdə nəzarətdə saxlayır.
Tələbələrimizə imtahanlarda uğurlar arzulayırıq!!!

