Azərbaycan Dövlət Dəniz Akademiyasında innovasiya mədəniyyəti üzrə növbəti addım!

Azərbaycan Dövlət Dəniz Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi arasında mövcud əməkdaşlıq çərçivəsində akademiyanın professor-müəllim heyəti üçün 19 noyabr 2025-ci il tarixidə Azərbaycan İnnovasiya Mərkəzində “İnnovasiya mədəniyyətinin formalaşdırılması” mövzusunda geniş infosessiya keçirilib.
Tədbirin məqsədi müəllim və tədqiqatçıların innovativ düşüncə tərzini gücləndirmək, müasir rəqəmsal trendlər barədə məlumatlandırmaq və tədris mühitində yeniliklərin tətbiqi üçün zəruri yanaşmaları təqdim etmək idi.
İnfosessiyanı Azərbaycan İnnovasiya Mərkəzinin departament müdiri Camal Ağayev aparıb. O, innovasiya ekosisteminin inkişaf dinamikası, rəqəmsal transformasiya proseslərinin ali təhsil müəssisələrinə təsiri, həmçinin universitetlərdə kreativ mühitin yaradılmasının vacibliyi barədə ətraflı məlumat verib.
Camal Ağayev çıxışında vurğulayıb ki, innovasiya mədəniyyətinin formalaşması təkcə yeni texnologiyaların tətbiqi deyil, həm də düşüncə tərzinin dəyişməsi, müəllimlərin və gənclərin təşəbbüskarlığının dəstəklənməsi, elmi nəticələrin iqtisadi və sosial dəyərə çevrilməsi deməkdir.
Tədbir iştirakçıları mövzu üzrə praktiki nümunələrlə tanış olub, həmçinin müxtəlif innovativ yanaşmaların akademik prosesdə tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan Dövlət Dəniz Akademiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə mövcud əməkdaşlıq çərçivəsində innovasiya yönümlü layihələrin və təlimlərin davam etdirilməsini planlaşdırır.

