Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər
Xəbər

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi Şurası 2025/2026-cı tədris ilindəki fəaliyyətinə yekun vurub

13 İyul 2026
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi Şurası 2025/2026-cı tədris ilindəki fəaliyyətinə yekun vurub

10 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Elmi Şurasının 2025/2026-cı tədris ilindəki yekun iclası keçirilmişdir.

Gündəlikdə duran birinci məsələ üzrə Tədris prosesinin təşkili şöbəsinin müdiri Ə. Süleymanovun Akademiyanın yeni tədris ilinə hazırlıq vəziyyəti haqqında məruzəsi dinlənilmişdir. Bu çərçivədə fənn proqramlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, təhsil haqlarının tənzimlənməsi, yataqxananın təmiri, həmçinin kağız jurnalların ləğv edilərək tam elektron sistemə keçilməsi barədə tapşırıqlar verilmişdir.

Növbəti məsələ kimi fakültə dekanları R. Əsgərov və E. Abbasovun yaz semestrinin imtahan sessiyasının nəticələrinə dair məruzələri təhlil edilmişdir. Sessiyanın yekunlarına əsasən, akademik nəticələrin köklü şəkildə araşdırılması, tələbələrə tyutor dəstəyinin gücləndirilməsi, habelə işləyən magistrantlar üçün qanunvericilik çərçivəsində hibrid və distant təhsil elementlərinin tətbiqi imkanlarının öyrənilməsi qərara alınmışdır.

Müzakirələrin davamında Elmi katib A. İmanovanın Elmi Şuranın 2025/2026-cı tədris ilindəki fəaliyyətinə dair hesabatı dinlənilərək qənaətbəxş hesab edilmişdir. Təşkilati məsələlər çərçivəsində Tələbə Gənclər Təşkilatının yeni sədrinin Şuranın tərkibinə daxil edilməsi üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) müraciət olunması və cari ilin sonunda səlahiyyət müddəti bitəcək Şuranın yeni tərkibinin seçilməsi üçün müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Daha sonra Elmi-tədqiqat və beynəlxalq əlaqələr şöbəsinin müdiri N. Hüseynovun fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların attestasiya nəticələri barədə məlumatı müzakirə olunmuşdur. Qiymətləndirməyə əsasən, üç fərqli ixtisas üzrə təhsil alan 10 doktorantın attestasiyadan keçməsi barədə Attestasiya Komissiyasının protokolu rəsmi qaydada təsdiq olunmuşdur.

Yekunda Tədrisin təşkili və idarəedilməsi üzrə prorektor İ. Süleymanova tərəfindən təqdim olunan “Akademiyada idarəetmə, inzibati və professor-müəllim heyətinin tədris yüklərinin müəyyənləşdirilməsi və bölgüsü Qaydaları” geniş müzakirə edilmişdir. Müvafiq struktur və məzmun təkmilləşdirmələri aparıldıqdan, həmçinin aidiyyəti struktur bölmələri ilə razılaşdırıldıqdan sonra normativ sənədin rəsmi təsdiqi və yeni tədris ilindən etibarən tətbiqi qərara alınmışdır.

Foto qalereya2

Reaksiyanızı bildirin