Brandenburq Texniki Universitetinin nümayəndələri ADDA-da

Almaniyanın Brandenburq Texniki Universiteti (BTU Cottbus-Senftenberg) ilə əməkdaşlıq çərçivəsində bu nüfuzlu ali məktəbin Maşınqayırma, Elektrik və Enerji Sistemləri fakültəsinin alimləri, eyni zamanda Avropa Azərbaycanlıları Mühəndislər İttifaqının elm və innovasiya üzrə koordinatoru İlqar Abbasov və elmi işçi Məhəbbət Süleymanov Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) qonağı olublar.
Akademiyanın dördüncü kurs tələbələri, magistrant və doktorantları ilə görüş zamanı onlara Almaniyada ali təhsil sistemi, tədris prosesində tətbiq olunan innovativ yanaşmalar, elmi-tədqiqat imkanları, eləcə də magistrant və doktorantların elmi işlərinin yerinə yetirilməsi prosesi barədə ətraflı məlumat verilib.
İlqar Abbasov Almaniyada mövcud təqaüd proqramlarına müraciət qaydaları, tələb olunan sənədlər və seçim meyarlarından geniş söhbət açıb. İnteraktiv şəkildə keçən görüşdə təhsilalanların çoxsaylı sualları cavablandırılıb.
Akademiyanın tədris binası və laboratoriyaları ilə tanışlıqdan sonra qonaqları ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayev qəbul edib. E. Qocayev Akademiyanın beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlardan danışıb, Almaniyanın qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlığa dair aşağıdakı istiqamətlər üzrə marağın olduğunu qeyd edib:
- Professor-müəllim və tələbə mobilliyi
- Birgə tədqiqatlar və elmi məqalələrin nəşri
- İkili diplom proqramları
- Birgə layihələrin icrası
- Magistrant və doktorantlara elmi rəhbərlik.
Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından faydalı və səmərəli keçib.

