Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illik yubileyidir

Bu gün Azərbaycan Dövlət Dəniz Akademiyasının 30 illik yubileyi tamam olur.
30 il öncə dahi şəxsiyyət, uzaqgörən ölkə rəhbəri Heydər Əliyevin xeyir-duası və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında Azərbaycan təhsilinin yeni istiqaməti kimi ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılmışdır.
Yarandığı ilk gündən Akademiya Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtması siyasətinin davamı kimi ölkəmizin üzv qəbul edildiyi Beynəlxalq Dəniz Təşkilatının (BDT) "Dənizçilərin hazırlanması, sertifikatlandırılması və növbə çəkməsi haqqında" Beynəlxalq Konvensiyanın tələblərinə uyğun qaydada təhsilini qurmuşdur. Bu məqsədlə bütün ixtisaslar üzrə baza təhsil proqramları, tədris planları və təhsilin dövlət standartları hazırlanmış, müvafiq qaydada təsdiq edilərək BDT tərəfindən qəbul olunmuşdur. ADDA 012 nömrəsi altında dünya ali dəniz təhsili sisteminin kataloquna daxil edilmişdir.
Bu əlamətdar tarix münasibətilə ADDA ailəsinin hər bir üzvünü, tələbə və müəllimlərimizi, bütün əməkdaşlarımızı təbrik edir, şərəfli və məsuliyyətli fəaliyyətində bol-bol uğurlar arzulayırıq.
