COP29-ADDA: dünən, bu gün, sabah

Oktyabrın 15-də Azərbaycan Dövlət Dəniz Akademiyasında iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyası çərçivəsində, ekspertlər tərəfindən mühazirə və sənədli filmə baxış keçirilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün tədbirlər planının icrası məqsədilə keçirilən tədbirdə Akademiyanın “Tətbiqi mexanika” kafedrasının təşkilatçılığı ilə “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Tətbiqi mexanika” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, professor Vaqif Həsənov iştirakçıları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası üçün canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış üçün Akademiyanın “Gəmi mexanikası və elektromexanikası” fakültəsinin dekanı, dosent Rafiq Əsgərova söz verilib. Rafiq Əsgərov tədbirin aktuallığından, torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığı dövrdə şəhər və kəndlərin dağıdılmasından və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsindən ətraflı söhbət açıb. Bildirib ki, hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb. O, Ermənistanın işğal etdiyi ərazilərin təbii sərvətlərinə və ətraf mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurduğunu qeyd edərək, COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb.
“İngilis dili” kafedrasının müdiri, professor Gülçöhrə Alıyeva “Azərbaycanın yaşıl dünya naminə həmrəylik və müsbət ekoloji dəyişikliklərin yaradılması istiqamətində həyata keçirdiyi siyasət” mövzusunda çıxış edərək qarşısıalınmaz ekoloji problemlərin tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbə olduğunu söyləyib.
Dosent Bəhruz Ağarzayev “Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda fikirlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Professor Vaqif Həsənovun “Alternativ yanacaqların gəmilərdə tətbiqi” mövzusunda məruzəsi dinlənilib və tədbir iştirakçılarının marağına səbəb olub.
Məruzələr yekunlaşdıqdan sonra auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
Sonra tədbir iştirakçıları COP29-a həsr olunmuş filmə baxıblar.
Tədbirin sonunda iştirakçılar “Tətbiqi mexanika” kafedrasında COP29-a aid yaradılmış auditoriya ilə tanış olaraq xatirə şəkli çəkdiriblər.

