Elmi seminar

Fevralın 10-da Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) "Dəniz naviqasiyası” kafedrasında “Gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması üçün yeni texnologiyanın işlənib hazırlanması və tədqiqi” mövzusunda elmi seminar keçirilib. Seminarda ADDA-nın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev qonaqları və seminar iştirakçılarını salamlayaraq ADDA-da dənizçilik ixtisasları üzrə elmi fəaliyyətin əhəmiyyətini vurğulayıb, seminarın keçirilməsi ilə əlaqədar tovsiyə və məsləhətlərini səsləndirib. E. Qocayev bu cür seminarların ciddi müzakirələr əsasında və müvafiq mövzularla əlaqədar akademik və istehsalat müəssisələrinin mütəxəssislərinin iştirakı ilə mütəmadi qaydada keçirilməsinin vacibliyini bildirib.
"Dəniz naviqasiyası” kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru , dosent Həzi Nəbiyev doktorant Əli Əliyevin dissertasiya işinin mövzusu olan “Gəmilərin təhlükəsiz hərəkətinin təmin olunması üçün yeni texnologiyanın işlənib hazırlanması və tədqiqi” mövzusunda aparılan tədqiqatlar barədə məlumat verib, mövzunun elmi aktuallığını qeyd edib.
Doktorantın elmi rəhbəri, Azərbaycan Texniki Universitetinin “Enerji effektliyi və yaşıl enerji texnologiyaları” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, t.e.d., professor Vaqif Həsənov çıxışında dissertasiya işinin elmi yeniliyi və əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Sonra doktorant Əli Əliyev görülmuş işlər barədə hesabat verib, işin özəllikləri və əldə olunan nəticələr barədə məruzə edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Mühəndis sistemlərinin və qurğularının tikintisi” kafedrasının müdiri, BMT-nin enerji səmərəliliyi üzrə eksperti, professor Nurməhəmməd Məmmədov və digər çıxışçılar interaktiv formada fikir mübadiləsi aparıblar, professor-müəllim heyətinin sualları cavablandırılıb, fikirləri və tövsiyələri dinlənilib.

