Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Bütün xəbərlər
Xəbər

Harbin Mühəndislik Universitetinin nümayəndə heyəti ADDA-da səfərdə olub

24 İyun 2026
Harbin Mühəndislik Universitetinin nümayəndə heyəti ADDA-da səfərdə olub

23 iyun 2026-cı il tarixində Çinin aparıcı mühəndislik ali təhsil müəssisələrindən biri olan Harbin Mühəndislik Universitetinin (HMU) nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) səfərdə olub.

1953-cü ildə əsası qoyulan HMU gəmiqayırma, dəniz mühəndisliyi, okean texnologiyaları, süni intellekt, nüvə energetikası və digər mühəndislik istiqamətləri üzrə ixtisaslaşmış nüfuzlu ali təhsil müəssisələrindən biridir.

Nümayəndə heyətinin tərkibində Beynəlxalq əməkdaşlıq və mübadilə şöbəsinin rəis müavini Ding Xin, İntellektual Texnologiyalar İnstitutunun direktor müavini, professor Wang Yuanhui, Süni İntellekt İnstitutunun elmi-texnoloji işləri üzrə direktor müavininin köməkçisi Zhang Xiaoyue və beynəlxalq konfransların təşkilat komitəsinin katibi Yu Lingzhou təmsil olunublar.

Görüşü ADDA-nın rektoru vəzifəsini icra edən, Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Eldar Qocayev açaraq qonaqları salamlayıb və onlara Akademiyanın heyətini təqdim edib. Daha sonra qonaqlara ADDA-nın videoçarxı nümayiş etdirilib, Akademiyanın fəaliyyəti, tədris imkanları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə geniş təqdimat edilib.

Ding Xin nümayəndə heyətinin üzvlərini təqdim etdikdən sonra Harbin Mühəndislik Universitetinin tarixi, kampusları, institutları, beynəlxalq əlaqələri və müasir infrastrukturu barədə ətraflı məlumat verib.

Görüş zamanı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə olunub. Ding Xin yüksək keyfiyyətli beynəlxalq mübadilə və əməkdaşlığın təşviqi, bu sahədə fəaliyyət göstərən müəssisə və ekspertlərin bir araya gətirilməsi, beynəlxalq akademik birliyin formalaşdırılması, eləcə də xüsusi gəmilərin layihələndirilməsi, tədqiqi və işlənib hazırlanması sahəsində qlobal texnoloji standartların təkmilləşdirilməsi məqsədilə “Xüsusi Gəmilər və İntellektual Sistemlər Beynəlxalq Akademik Alyansı”nın təsis edilməsi təşəbbüsü ilə çıxış edib.

Qeyd olunub ki, Alyans çərçivəsində akademik mübadilələr, elmi-tədqiqat əməkdaşlığı, birgə mütəxəssis hazırlığı, strateji məsləhət xidmətləri, elmi əsərlərin birgə nəşri, beynəlxalq konfrans və forumların təşkili, birgə laboratoriyalar və texnoloji innovasiya mərkəzlərinin yaradılması, eləcə də sənaye əməkdaşlığının təşviqi istiqamətində fəaliyyət həyata keçirilə bilər. Ding Xin Alyansın fəaliyyətinin Xəzər dənizi ilə birbaşa əlaqəli olduğunu vurğulayaraq, bu çərçivədə Azərbaycanın mühüm hab rolunu oynaya biləcəyini bildirib.

Təklif ADDA rəhbərliyi tərəfindən məmnuniyyətlə qarşılanıb. Daha sonra Alyansın nizamnaməsi müzakirə olunub və ADDA nümayəndə heyəti sənədin imzalanması məqsədilə avqust ayında Çinin Harbin şəhərinə dəvət edilib.

ADDA və HMU arasında ikitərəfli anlaşma memorandumunun layihəsi müzakirə olunub və avqust ayında Harbində imzalanması razılaşdırılıb.

Bununla yanaşı, Ding Xin Azərbaycanın dənizçilik sahəsində fəaliyyət göstərən tərəfdaş qurumlarının nümayəndələrini noyabr-dekabr aylarında Çində keçiriləcək beynəlxalq konfransın iştirakçıları sırasında görmək istədiklərini qeyd edib.

Harbin Mühəndislik Universitetinin İntellektual Texnologiyalar İnstitutunun direktor müavini, professor Wang Yuanhui çıxışında yaşıl texnologiyalar, intellektual sistemlər, qütb əməliyyatları, ağıllı gəmilər, dərin dəniz tədqiqatları və gəmiçilikdə naviqasiya təhlükəsizliyi kimi perspektivli istiqamətlərdə ADDA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. O, hər iki ali təhsil müəssisəsinin birgə elmi konfrans və simpoziumlar təşkil edə biləcəyini, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsinin, eləcə də innovativ və intellektual layihələr üzrə ortaq fəaliyyətin əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

Görüşün sonunda tərəflər arasında xatirə hədiyyələri təqdim olunub. Daha sonra nümayəndə heyəti Akademiyanın tədris və təlim infrastrukturu, müasir trenajorları, laboratoriyaları və auditoriyaları ilə tanış olub.

Səfər proqramı Suraxanı Gəmi-Muzeyində davam etdirilib. Qonaqlara Azərbaycanın zəngin dənizçilik tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Foto qalereya6

Reaksiyanızı bildirin