İki yubiley, bir yol: Dəniz Akademiyasında yeni dövr

1881-ci ildən təhsilə yelkən açaraq dənizçilik kursu kimi fəaliyyətə başlayan, 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Dəniz Akademiyasına çevrilən ADDA hazırda iki əlamətdar yubiley ərəfəsindədir – dənizçilik kurslarının fəaliyyətə başlamasının 145, akademik status qazanmasının isə 30 illiyi.
Əlbəttə ki, ötən 145 il heç də hamar keçməyib. 1881-ci ildə Bakıda dənizçilik sinifləri, daha sonra isə gəmi mexaniki kursları yaradılıb. 1883-cü ildə həmin dənizçilik siniflərinin ilk buraxılışı baş tutub. O gündən dənizçilik təhsili də zamanın tələbinə uyğun olaraq inkişaf etməyə - müxtəlif adlar altında fəaliyyət göstərərək formalaşmağa başlayıb və nəhayət Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə çevrilib.
Zaman 1981-ci il. Bakı Dəniz Yolları Məktəbinin 100 illiyi münasibətilə təhsil ocağına “Xalqlar dostluğu” ordeni təqdim edilir. Tədbirdə çıxış edən Ümummilli Lider Heydər Əliyev yüksək ixtisaslı dənizçi kadrların hazırlanmasının Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını bildirir. Bu çıxışdan düz 15 il sonra Xəzərə sahib bir ölkənin yüksəkixtisaslı dənizçi kadrlar hazırlayan ali təhsil müəssisəsinə də böyük ehtiyac duyduğunu görən Heydər Əliyevin təşəbbüsü və Nazirlər Kabinetinin 1996-cı il 15 iyul tarixli qərarı ilə Bakı Dəniz Yolları Məktəbinin bazasında ali təhsilli dənizçi kadrlar hazırlayan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılır.
Ötən müddətdə Prezident İlham Əliyev də Azərbaycanın dənizçilik sahəsindəki potensialını və strateji hədəflərini mütəmadi olaraq vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycanın dənizə birbaşa çıxışının olmamasına baxmayaraq, ölkə regionun əsas nəqliyyat qovşağına çevirilb. Prezidentin sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur. Bayram İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsis edilib. 25 iyun eyni zamanda Beynəlxalq Dəniz Təşkilatının (IMO) qərarı ilə dünya miqyasında Beynəlxalq Dənizçi Günü (Day of the Seafarer) kimi qeyd olunur. Bu gün münasibətilə Azərbaycanda sahə işçilərinin mükafatlandırılması və fəxri adlarla təltif edilməsi həyata keçirilir.
Tarixə ekskurs edən ADDA-nın rektor əvəzi Eldar Qocayev mətbuata müsahibələrinin birində təəssüflə qeyd edir ki, sovet dövründə Bakı Dəniz Yolları Məktəbinə ali məktəb statusu verilməmişdi. Onun sözlərinə görə, azərbaycanlılar ali dənizçilik təhsili almaq üçün əsasən Rusiya və Ukrayna ali məktəblərinə üz tuturdular: "Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra, Ümummilli Lider Heydər Əliyevin tövsiyəsi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin təsisçiliyi ilə 1996-cı ildə ölkədə ali təhsilli mütəxəssis hazırlayan təhsil ocağı olan Azərbaycan Dövlət Dəniz Akademiyası yaradıldı. Bu qərar dənizçilik təhsilinin inkişafı baxımından strateji əhəmiyyət daşıyırdı. 2022-ci ildə isə ADDA-ya Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) tabeliyində Publik Hüquqi Şəxs statusu verildi".

Qeyd edək ki, hazırda Akademiyada tədrisin səviyyəsi Beynəlxalq Dəniz Təşkilatının (BDT) ekspertləri tərəfindən yüksək qiymətləndirilir. ADDA dünya dənizçilik ali məktəblərinin ağ siyahısında 012 nömrə altında yer alır və burada verilən diplomlar BDT-yə üzv olan 170-dən çox ölkədə tanınır. Bu amil respublikada dənizçiliyin inkişafı üçün geniş imkanlar yaradır və məzunların beynəlxalq əmək bazarında rəqabət qabiliyyətini artırır.
Yubiley ərəfəsində ADDA yenilənməkdə davaam edir. Elmi Şuranın bu günlərdə keçirilən növbəti iclasında Akademiyanın rəsmi himninin və yeni loqosunun hazırlanması məsələsi müzakirə olunub. Bununla bağlı peşəkar mütəxəssislərdən ibarət Komissiya yaradılıb və komissiyaya müvafiq sahələr üzrə akademik qurumlarla əməkdaşlıq tapşırılıb. Müzakirələr zamanı Akademiyanın institusional kimliyinin gücləndirilməsi və korporativ üslubun müasir tələblərə uyğunlaşdırılması məsələlərinə diqqət yetirilib. Akademiyanın internet şəbəkəsi, kibertəhlükəsizlik və yanğından mühafizə sistemlərinin yenidən qurulması da diqqətdən kənarda qalmayıb.
Akademiyanın Strateji İnkişaf Planına uyğun olaraq yerli və beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi üçün işçi qruplar yaradılıb, imzalanmış sənədlərin icrasına və layihələrin keyfiyyətinə nəzarət məqsədilə daxili monitorinq qrupu formalaşdırılıb. Bu addımlar heç şübhəsiz ki, idarəetmədə səmərəliliyin artırılmasına və tərəfdaşlıq münasibətlərinin sistemli əsasda inkişafına yönəlib.
Akademiyada Elm-Təhsil-İstehsalat Diskussiya Klubunun yaradılması da innovativ təşəbbüslərdən biri hesab olunmalıdır. Bu məqsədlə keçirilən görüşdə ASCO-nun zavod və donanmaları, eləcə də dənizçilik, liman və logistika sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri iştirak edib. Görüşdə istehsalat müəssisələri ilə Akademiya arasında əməkdaşlığın möhkəmləndirilməsi, praktik biliklərin artırılması və kadr hazırlığının əmək bazarının real tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə olunub.
Akademiyanın rektoru vəzifəsini icra edən Eldar Qocayev çıxışında elm, təhsil və istehsalat arasında inteqrasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dənizçilik sahəsində yüksəkixtisaslı kadr hazırlığı istehsalat müəssisələri ilə sıx əməkdaşlıq şəraitində daha səmərəli həyata keçirilə bilər və Diskussiya Klubu bu əməkdaşlığın sistemli inkişafına töhfə verəcək. Görüşdə tələbələrin praktiki biliklərinin artırılması, müasir texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Yekunda klubun əsasnaməsinin təsdiqinin məqsədəuyğun olduğu bildirilib.
Eldar Qocayev Akademiyanın gələcək inkişaf istiqamətlərini xarakterizə edərkən qeyd edib ki, Azərbaycan Dövlət Dəniz Akademiyası Xəzər hövzəsində özünəməxsus yeri olan ali təhsil müəssisəsidir və onun nüfuzunun daha da artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bu istiqamətdə Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, akademik potensialın və maliyyə imkanlarının gücləndirilməsi əsas prioritetlər sırasındadır. Eyni zamanda, dənizçilik sahəsində qabaqcıl beynəlxalq və xarici ali təhsil müəssisələri ilə müəllim və tələbə mübadiləsinin təşkili, birgə proqramların tətbiqi və əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Bununla yanaşı, əmək bazarının tələblərinə uyğun, beynəlxalq standartlara əsaslanan yeni ixtisasların açılması imkanlarının nəzərdən keçirilməsi, inzibati və akademik heyətin peşəkarlığının davamlı inkişafı üçün tədbirlərin görülməsi, gənclərin akademik fəaliyyətə cəlb olunması məqsədilə təşviqedici mexanizmlərin tətbiqi nəzərdə tutulur. Əlavə təhsil üzrə qayda və proqramların yenilənməsi, əhatə dairəsinin genişləndirilməsi, tədrisin təşkilində və Akademiyanın idarə olunmasında süni intellektin tətbiqi və rəqəmsallaşdırmanın dərinləşdirilməsi də inkişaf strategiyasının tərkib hissəsidir. Xarici ölkələrdə Akademiyaya marağın artırılması və əcnəbi tələbələrin ADDA-ya daha çox cəlb olunması istiqamətində konkret tədbirlərin görülməsi də prioritet kimi müəyyənləşdirilib.
Beləliklə, 145 illik dənizçilik təhsili ənənəsinə və 30 illik akademik fəaliyyət təcrübəsinə malik Azərbaycan Dövlət Dəniz Akademiyası tarixi irsi qorumaqla yanaşı, müasir çağırışlara uyğun yenilənmə kursunu davam etdirir və milli dənizçilik təhsilinin beynəlxalq standartlara inteqrasiyasını təmin etməyə yönəlmiş fəaliyyətini sistemli şəkildə genişləndirir.
**Zəhra Rahibqızı
**
XəzərNews.az

