İlkin Müzakirə İclası

Mayın 12-də Azərbaycan Dövlət Dəniz Akademiyasında magistratura səviyyəsi üzrə 4 ixtisas və ixtisaslaşmanın Təhsil Proqramlarının ilkin müzakirəsinə həsr olunmuş iclas keçirilib. İclasa akademiyanın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov sədrlik edib. Tədris qeydiyyat şöbəsinin müdiri, fakültə dekanları və kafedra müdirlərinin iştirak etdiyi iclas zamanı Təhsil Proqramlarının məqsədləri, məzmunu, təlim nəticələri və fənlərin tədris strukturu ətraflı müzakirə olunub. Proqramların müasir əmək bazarının tələblərinə, beynəlxalq standartlara və mövcud normativ-hüquqi sənədlərə uyğunluğu diqqət mərkəzində olub.
Təhsil proqramlarının hazırlanmasında “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin magistratura səviyyəsinə dair müvafiq qərarları, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı” və Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının 1978-ci il tarixli “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyası əsas götürülən normativ sənədlərdir.
Növbəti mərhələdə əmək bazarının nümayəndələrinin dəvəti ilə daha geniş tərkibdə iclasın keçirilməsi nəzərdə tutulur.

