Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

Şəhid məzun İlqar Əhmədovun xatirəsi yad edilib

07 Aprel 2026
Şəhid məzun İlqar Əhmədovun xatirəsi yad edilib

Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) 1994–1998-ci illərdə Bakı Dəniz Yolları Məktəbində təhsil almış şəhid İlqar Əhmədovun doğum gününə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə şəhidin anası Leyla xanım Əhmədova, ailə üzvləri, Akademiyanın rektor əvəzi Eldar Qocayev, professor-müəllim heyəti və tələbə kollektivləri iştirak ediblər. Eldar Qocayev şəhid anası və qonaqları qəbul edərək onlara dərin ehtiramını bildirib, şəhidlərin əziz xatirəsinin hər zaman uca tutulduğunu vurğulayıb.

Anım tədbiri çərçivəsində Akademiya əməkdaşları və tələbələr şəhid İlqar Əhmədovun tələbəlik illərində nümayiş etdirdiyi nümunəvi davranış, yüksək mənəvi keyfiyyətlər və vətənpərvərlik ruhundan bəhs ediblər. Həmçinin 1994–1998-ci illərdə Bakı Dəniz Yolları Məktəbinin tələbələrinin göstərdiyi şücaət və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığı xatırladılıb.

Tədbir zamanı tələbələr Mustafa Məhərrəmov və Alsu Bədirova şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndiriblər. Daha sonra şəhidin anası Leyla xanım Əhmədova və digər ailə üzvləri İlqar Əhmədovla bağlı xatirələrini bölüşərək tədbirin təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, İlqar Əhmədov 04 aprel 1978-ci ildə Bakı şəhərində anadan olmuş, 1994-cü ildə Bakı Dəniz Yolları Məktəbinə “Elektromexanika” ixtisası üzrə qəbul olunmuş, 1998-ci ildə hərbi xidmətə yollanaraq Tərtər rayonunda kəşfiyyatçı kimi xidmət etmiş və 26 yanvar 2000-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Tədbirin sonunda qonaqlar Akademiya rəhbərliyinə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.

Foto qalereya6

Reaksiyanızı bildirin