Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş XXI Beynəlxalq Elmi-Texniki Konfrans keçirilib

06 may 2026-cı il tarixində Azərbaycan Dövlət Dəniz Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Su nəqliyyatının problemləri” mövzusunda XXI Beynəlxalq elmi-texniki konfrans keçirilib.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Konfransın açılış mərasimində çıxış edən Akademiyanın rektor vəzifəsini icra edən Eldar Qocayev Azərbaycanda dənizçilik sahəsinin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu bildirib. O qeyd edib ki, Ulu Öndərin rəhbərliyi dövründə dəniz nəqliyyatı infrastrukturunun inkişafı, milli kadr potensialının formalaşdırılması və dənizçilik təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Eldar Qocayev həmçinin beynəlxalq elmi-texniki konfransların elm, təhsil və istehsalat arasında əməkdaşlığın gücləndirilməsi, elmi nəticələrin praktik tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra qonaqlar adından Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının müdiri, Respublikanın əməkdar mühəndisi, texnika elmləri doktoru, professor Nizami Yusubov çıxış edərək müasir dövrdə su nəqliyyatı sahəsinin inkişafında elmi yeniliklərin və yüksəkixtisaslı mütəxəssis hazırlığının vacibliyini qeyd edib.
Konfransın proqramı barədə məlumat verən professor Nəsir Hüseynov tədbir çərçivəsində gəmiqayırma, gəmiçilik texnikası, su nəqliyyatının istismarı, təbiət elmləri, hüquq və humanitar sahələr üzrə ümumilikdə onlarla məruzənin dinləniləcəyini bildirib. Qeyd olunub ki, konfransda Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Rusiya və Ukraynadan alim və mütəxəssislər iştirak edirlər.
Konfrans Azərbaycan Dövlət Dəniz Akademiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş XXI Beynəlxalq Elmi-Texniki Konfrans keçirilib" teqi üzrə xəbərlər:

