Xəzərdən Aralıq dənizinə uzanan intellektual körpü - Fotolar

Dəniz yalnız su deyil, logistika, enerji, təhlükəsizlik, beynəlxalq ticarət və texnologiyadır. Bu mənada Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyənin dənizçilik sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olan Piri Reis Universiteti (PRU) arasında fevralın 10-da imzalanmış Anlaşma Memorandumu sıradan bir sənəd deyil. Memorandumun imzalanması ilə tərəflər təhsil və elmi-tədqiqat sahələrində uzunmüddətli və sistemli əməkdaşlığa start veriblər.
Akademik mübadilə, birgə tədris proqramları, ortaq elmi layihələr və beynəlxalq tədbirlər tələbələrin gündəlik həyatına və gələcək karyeralarına müsbət təsir göstərəcək konkret mexanizmlərdir.
Regional deyil, qlobal düşüncə
Azərbaycan Xəzər hövzəsində mühüm tranzit və enerji ölkəsidir. Türkiyə isə Aralıq dənizi, Qara dəniz və dünya dəniz yollarına çıxışı ilə qlobal ticarətdə əsas oyunçulardan biridir. Bu iki ölkənin dənizçilik təhsili sahəsində əməkdaşlığı regional çərçivəni aşaraq daha geniş geosiyasi və iqtisadi məna daşıyır.
PRU-nun beynəlxalq dənizçilik standartları üzrə formalaşmış təcrübəsi, simulyasiya mərkəzləri və tətbiqyönümlü tədris modeli ADDA üçün yeni imkanlar açır. Eyni zamanda, ADDA-nın Xəzər hövzəsindəki spesifik təcrübəsi və enerji-logistika sahəsindəki reallıqları PRU üçün də ciddi akademik maraq doğurur. Yəni bu əməkdaşlıq birtərəfli deyil, qarşılıqlı faydadır.

Ən vacib sual isə budur: ADDA tələbələri nə qazanacaq? Çünki imzalanan hər Memorandumun real dəyəri tələbənin təhsil həyatında müsbət dəyişikliyə hesablanmalıdır.
Birincisi, akademik mübadilə imkanları genişlənəcək. Tələbələr müəyyən müddət ərzində PRU-da təhsil almaq, fərqli tədris metodikası ilə tanış olmaq və beynəlxalq auditoriyada təcrübə qazanmaq şansı əldə edəcəklər. Bu, sadəcə başqa ölkədə oxumaq deyil, fərqli dənizçilik mədəniyyətini, idarəetmə yanaşmalarını və texnoloji infrastrukturu görməkdir.
İkincisi, birgə tədris proqramları perspektivi yaranır. Bu, gələcəkdə ikili diplom və ya ortaq sertifikat proqramlarının tətbiqi deməkdir. Belə diplom isə məzunun CV-sində beynəlxalq rəqabət üstünlüyü yaradır. Dənizçilik qlobal sahədir və burada diplomun tanınması həyati əhəmiyyət daşıyır.
Üçüncüsü, elmi-tədqiqat sahəsində yeni qapılar açılır. Birgə layihələr tələbələrin də elmi fəaliyyətə daha aktiv cəlb olunmasına səbəb ola bilər. Xəzər dənizində ekoloji problemlər, dəniz nəqliyyatının təhlükəsizliyi, rəqəmsal naviqasiya sistemləri, yaşıl liman konsepsiyası kimi mövzular artıq lokal yox, ortaq araşdırma predmetinə çevriləcək. Bu isə tələbəni yalnız praktik icraçı yox, düşünən və araşdıran mütəxəssisə çevirir.
Dördüncüsü, beynəlxalq şəbəkələşmə imkanı yaranır. Tələbə yalnız dərs keçdiyi auditoriyanı deyil, gələcək həmkarlarını da qazanır. Bu gün tələbə olan biri sabah gəmi kapitanı, liman meneceri və ya dəniz hüququ üzrə ekspert ola bilər. Əlaqələr isə karyeranın görünməyən, amma ən güclü kapitalıdır.

Kağız üzərində yox, real icra…
Memorandumun mühüm tərəfi onun mərhələli və sistemli şəkildə həyata keçiriləcəyinin vurğulanmasıdır. Çox zaman belə sənədlər imzalanır, lakin mexanizm qurulmur. Burada isə strateji akademik əməkdaşlıq çərçivəsində konkret fəaliyyət istiqamətləri müəyyən edilib. Bu, o deməkdir ki, tərəflər sadəcə niyyət bəyan etmirlər, icra planı üzərində işləyirlər. Akademik heyətin qarşılıqlı səfərləri, ortaq seminar və konfranslar, tədris proqramlarının uyğunlaşdırılması kimi addımlar real nəticələr doğura bilər. Təcrübə belə deməyə əsas verir ki, təhsildə davamlılıq təsadüfən yaranmır, planlama və koordinasiya tələb edir.
Əgər gələcəkdə birgə laboratoriyalar və tədqiqat qrupları formalaşarsa, tələbələr bu prosesin birbaşa iştirakçısına çevrilə bilərlər. Bu isə onları yalnız diplom sahibi yox, gələcəyin dəniz texnologiyalarını formalaşdıran mütəxəssislərə çevirə bilər.
Heç kimə sirr deyil ki, Azərbaycan və Türkiyə arasında siyasi və mədəni yaxınlıq ən üst səviyyədədir. Bu yaxınlığın akademik və institusional müstəviyə daşınması davamlı nəticələr yaradacaq. Universitetlərarası əməkdaşlıq uzunmüddətli strateji əlaqələrin ən sağlam sütunlarından biridir. Çünki burada ideya, bilik və insan kapitalı mübadiləsi baş verir.
Bu memorandum, iki ölkənin dənizçilik sahəsində ortaq vizion formalaşdırması üçün unikal platformadır. Xəzər və Aralıq dənizi arasında qurulan bu akademik xətt gələcəkdə regional dəniz təhlükəsizliyi, logistika və enerji layihələrində də koordinasiyanı gücləndirə bilər.

Bütün bunlar onu deməyə əsas verir ki, ADDA ilə Piri Reis Universiteti arasında imzalanmış Anlaşma Memorandumu strateji məzmun daşıyan, tələbəyönümlü və gələcəyə hesablanmış addımdır. Bu sənəd ADDA tələbələrinə beynəlxalq təcrübə, daha güclü akademik baza, elmi-tədqiqat imkanları və qlobal əmək bazarında rəqabət üstünlüyü vəd edir. Çünki təhsildə strateji tərəfdaşlıq gələcəyin limanına atılan ən etibarlı lövbərdir.
Zəhra Rahibqızı
XəzərNews.az
https://www.xezernews.az/az/xezerden-araliq-denizine-uzanan-intellektual-korpu-fotolar

