Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

ASCO-nun tabeliyində
Bütün xəbərlər
Xəbər

XOCALI SOYQIRIMINDAN 34 İL ÖTÜR

25 Fevral 2026
XOCALI SOYQIRIMINDAN 34 İL ÖTÜR

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşən keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş şəkildə məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə bağlı dəhşətli faktlar kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin müxtəlif guşələrində milyonlarla insan erməni millətçilərinin əsl siması ilə tanış olub.

Xocalı faciəsi nə qədər ağır olsa da, Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu, Xocalı şəhəri separatçılardan təmizləndi. 2023-cü il oktyabrın 15-də dövlətimizin başçısı İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərləri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində həbs olunaraq Bakıya gətirildilər və törətdikləri cinayətlərə görə məhkəmə qərarı ilə layiqli cəzalarını aldılar.

Reaksiyanızı bildirin