Heydər Əsədov
Maliyyə və dövlət idarəçiliyindən gələn rektor — Hesablama Palatasının sədri və kənd təsərrüfatı naziri işləyib.
Bioqrafiya
Heydər Əsədov 1959-cu il oktyabrın 24-də anadan olub. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1983–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim işləyib. 1987-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib. 1996–2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının baş direktoru, 2007–2013-cü illərdə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, 2019-cu il 3 aprel tarixli sərəncamı ilə isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2011-ci ildə 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordeni, 2019-cu ildə «Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)» yubiley medalı, həmçinin təhsilin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunub.
3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.
