Azərbaycan Dövlət Dəniz Akademiyasının rəsmi internet portalı. Portal dövlət informasiya resurslarına dair müəyyən edilmiş tələblərə uyğun olaraq fəaliyyət göstərir.

Sabiq rektorlarımız

Rasim Bəşirov

Rektorluğundan əvvəl səkkiz il akademiyada prorektor işləyib. Elmi əsərlər jurnalının təsisçisidir.

Bioqrafiya

Bəşirov Rasim Cavad oğlu 1957-ci il martın 15-də Abşeron rayonunun Güzdək qəsəbəsində anadan olub.

1974–1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsində ali təhsil alaraq «Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər» ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2004-cü ildə «Mexaniki və fiziki-texniki emal prosesləri, dəzgahlar, alətlər və texnoloji avadanlıqlar» ixtisası üzrə texnika elmləri doktoru dissertasiyasını müdafiə edib. 1994-cü ildən dosent, 2010-cu ildən professordur.

1979–1983-cü illərdə Tətbiqi Fizika Elmi-Tədqiqat İnstitutunda mühəndis və mühəndis-konstruktor vəzifələrində çalışıb. 1983–2000-ci illərdə Azərbaycan Politexnik İnstitutunda baş müəllim, dosent və prorektor kimi fəaliyyət göstərib.

1996–2004-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyasında dosent və tədris işləri üzrə prorektor vəzifələrində çalışaraq ali dəniz təhsil sisteminin formalaşdırılmasında iştirak edib. Bu dövrdə akademiyanın ilk nizamnaməsinin və müasir tələblərə cavab verən tədris planlarının hazırlanmasında birbaşa iştirakı olub. Gəmiqayırma və gəmi təmiri ixtisası üzrə Azərbaycanda ilk professorlardan biri kimi bu sahənin ali təhsil və elmi istiqamət kimi formalaşmasına töhfə verib.

Akademiyanın beynəlxalq səviyyəyə çıxması məqsədilə 2000-ci ildə Londonda keçirilən Beynəlxalq Dənizçilik Təşkilatının sessiyasında iştirak edərək akademiya diplomlarının beynəlxalq səviyyədə tanınmasına nail olunmasında fəal rol oynayıb.

Rektorluğu dövründə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi-tədqiqat potensialının artırılması istiqamətində işlər həyata keçirib, elmi əsərlər jurnalını təsis edərək müntəzəm nəşrini təmin edib. Elmi kadr hazırlığına xüsusi diqqət yetirib — rəhbərliyi altında 4 nəfər texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

200-dən artıq elmi və elmi-metodiki məqalənin, 2 monoqrafiyanın, 7 ixtiranın, 5 dərsliyin və 10-dan artıq dərs vəsaitinin müəllifidir. Bir sıra beynəlxalq konfransların iştirakçısıdır; elmi əsərlərinin əksəriyyəti Scopus və Web of Science indeksli jurnallarda çap edilib.

2015-ci ildən Azərbaycan Texniki Universitetində kafedra müdiri, hazırda isə «Xüsusi texnologiyalar və avadanlıqlar» kafedrasının professorudur.